“Təklif dekabrda gəldi və danışıqlara başladıq”.
İdman.biz xəbər verir ki, bunu NTD-nin amerikalı yeni transferi Detrek Brauninq deyib.
29 yaşlı basketbolçu Azərbaycan klubuna keçidini şərh edib. O bildirib ki, ölkəmizdə həyat yoldaşı ilə birgə yaşayacaq: “Agentim NTD-də peşəkarların çalışdığını dedi və bu mənim diqqətimi çəkdi. Mənim üçün buraya həyat yoldaşımla gəlmək vacib idi və onlar bunu təmin etdilər. Mövsümün əvvəlindən liqanı izləyirdim, çünki burada oynayan bir neçə dostum var. Ötən il hətta indi "Gəncə"də çıxış edən Markus Gilson ilə Gürcüstan çempionatını qazanmışam. Yəni, liqadan xəbərdaram”.
Brauninq klubdakı hədəflərini də açıqlayıb: “Məşqçilər heyəti ilə söhbət etdim. Klubun əsas məqsədlərindən biri pley-off mərhələsinə çıxmaq və uğur qazanmaqdır. Təəssüf ki, mövsüm yaxşı başlamayıb, amma yeni oyunçular və komandada qalanlarla nəticələri yaxşılaşdırmağa ümid edirik. Pley-off mərhələsinə qədər NTD-ni güclü bir komanda etməliyik. Biz ilk oyunumuzu yanvarın 11-də oynadıq. Cəmi 5 məşq keçirdiyimizi nəzərə alsaq, yaxşı mübarizə apardıq. Hələ də bir-birimizin güclü və zəif tərəflərini öyrənirik. Zamanla daha da güclənəcəyik. Gələcəkdə daha çox oyun qazanacağımızı düşünürəm. Güclü məşqçi heyətimiz və qələbəyə ac bir komandamız var. Hazırda növbəti matçımıza hazırlaşırıq və bu oyunu səbirsizliklə gözləyirik. Daha güclü olduğumuzu göstərmək istəyirik”.
Qeyd edək ki, NDT A qrupunda 10 turdan sonra 11 xalla sonuncu yerdə qərarlaşıb.
İdman.biz