“Karyeram maraqlı hadisələr və qələbələrlə dolu olub”.
Bunu İdman.biz-ə Azərbaycan millisinin basketbolçusu Tatyana Deniskina deyib.
39 yaşlı veteran oyunçu əsas yığma ilə vidalaşmasına münasibət bildirib. Deniskinanın sözlərinə görə, klassik basketboldan fərqli, 3X3 növü ilə yekun qərarı hələlik verməyib: “Karyeram inanılmaz təcrübə oldu. Bu, həyatımda yaxşı və vacib mərhələ idi. Amma yəqin ki, klassik basketbolda ən mühüm hadisələrdən biri qızım Ancelina İsmayılova ilə eyni meydanda Azərbaycan millisində çıxış etmək olub. Bu, Allahın həyata keçirməyimizə icazə verdiyi bir arzu idi. Basketbolun 3X3 növünə gəlincə, hələlik məşq edirəm və formamı saxlayıram. Amma sonra nə olacağını yaxın gələcək göstərəcək”.
O, gələcək planlarını da açıqlayıb: “Bilik və təcrübəmi bölüşmək üçün məşqçiliyə daha çox diqqət yetirməyi planlaşdırıram. Tələbələrim artıq Azərbaycan millisində, həmçinin ölkə çempionatımızda çıxış edirlər. Fürsətdən istifadə edərək, bütün bu müddət ərzində məni dəstəkləyən azarkeşlərimə və hər kəsə dərin təşəkkürümü bildirirəm”.
Qeyd edək ki, Deniskina 16 il əsas millinin formasını geyinib.
Aytac Sahəd
İdman.biz