Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin üzvü Dina Ulyanovanın AZƏRTAC-a müsahibəsi
- Azərbaycan qadın basketbolu üçün ötən ili necə qiymətləndirirsiniz?
- Ötən il çox uğurlu və emosional hisslərlə dolu oldu. Komanda olaraq yaxşı mübarizə apardıq. Mənə görə, 2024-cü il inanılmaz idi.
- 2024-cü ildə ən yadda qalan xatirəniz hansı olub?
- Basketbolun 3x3 növü üzrə Azərbaycan millisinin heyətində iki anı heç vaxt unutmayacağam. Birincisi, Honkonqda təşkil olunan yarışın həlledici mərhələsində Polşa seçməsini məğlub edərək Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanmağımız idi. Bu, idman karyeramda çəkdiyim əziyyətin bəhrəsi oldu. İkinci məqam isə Parisdə tribunada oturub rəqiblərimizin oyununu izləməyimiz idi. Həmin an olimpiadada əldə edəcəyimiz yekun nəticənin rəqiblərimizin gücündən asılı olduğunu görürdüm.
- Necə düşünürsünüz, Azərbaycan qadın basketbolunun hazırkı çatışmazlıqları hansılardır?
- Əgər çatışmazlıqlardan danışırıqsa, düşünürəm ki, əsas boşluq aşağı yaş qruplarındadır. Gənc qızların əksəriyyəti 16 yaşdan aşağıdır. Qadın liqasının olmaması inkişafa ciddi təsir göstərir. Kişilərdə hər şey fərqlidir. Burada çempionat və müxtəlif yaşlarda olan yaxşı oyunçular var. Hazırda Azərbaycan Basketbol Federasiyası inkişaf üçün əlindən gələni edir. Artıq ölkəmizdə qadın basketbolu yavaş-yavaş canlanmağa başlayıb.
- Azərbaycan qadın basketbol millisində əcnəbi oyunçuların olması vacibdirmi?
- İndiki məqamda legionerlər olmasa idi, heç nə olmazdı, hətta olimpiadaya vəsiqə qazana bilməzdik. Bizim yerli qızlarımız məhz əcnəbi basketbolçulara baxaraq nəsə öyrənir. Dünyanın hər yerində milliləşdirmə var. Ümid edirəm ki, yaxın gələcəkdə vəziyyət dəyişəcək və Azərbaycan idmançıları legionerlərin köməyi olmadan beynəlxalq yarışlarda layiqincə çıxış edəcəklər.
- Basketbolun 3x3 növü üzrə Azərbaycan yığması ilə Paris-2024-ə vəsiqə qazanmaqla tarix yazdınız. Həmin komandanın bəzi basketbolçularının yaşı çoxdur. Sizcə, yeni nəsil oyunçularla Los-Anceles-2028-ə vəsiqə əldə edə bilərikmi?
- Komandada hər şey bir oyunçudan asılı olmur. Əldə etdiyimiz uğur hər kəsin zəhməti hesabına başa gəlir. İnanıram ki, Azərbaycan millisi Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına da vəsiqə qazanacaq. Ancaq hər şey FIBA-nın qoyduğu şərtlərdən də asılı olacaq. Komandaların sayını artırmaq yaxşı olardı. İndi 3x3 idman növü çox inkişaf edib. Bu növdə uğurlu çıxış edən ölkələr var. Bizə gəlincə, yazdığımız tarix heç vaxt unudulmayacaq. Növbəti olimpiadaya vəsiqə əldə etməklə yeni tarix yazmaq istəyirik. Bütün şanslardan maksimum istifadə etmək lazımdır.
- Daha neçə il basketbol oynamağı planlaşdırırsınız?
- Bu, qadından yaşını soruşmağa bənzədi (gülür). Gücüm çatanadək oynayacağam.
İdman.biz