Qadın basketbolçulardan ibarət Azərbaycan millisi qeyri-adi göstəriciyə imza atıb.
İdman.biz xəbər verir ki, bu, AVRO-2025-in seçmə mərhələsinin son turunda baş verib.
Polşa yığmasını qəbul edən Evren Alkayanın yetirmələri ağıagəlməz nəticə göstəriblər. Millimiz oyunun ilk periodunda cəmi 2 xal toplayıb.
Bir komandanın 10 dəqiqə ərzində 2 xal toplaması ümumiyyətlə bu idman növü üçün nadir hadisədir. Təsəvvür edin ki, 600 saniyəyə cəmi 1 dəqiq atış...
Hesab 0:12 olarkən, periodun sonuna 4 dəqiqə 24 saniyə qalmış Aleksandra Mollenhauer komandamızın siftəsinə imza atıb. Bu, ilk 10 dəqiqədəki yeganə atışımız olub.
Azərbaycan millisi bununla da seçmə mərhələdəki antirekordunu yeniləyib. Bu oyunadək periodluq antirekord 4 xala bərabər idi. Yığmamız Belçika ilə evdəki matçın 2-ci, səfərdəki görüşün 3-cü periodunda 4 xalla kifayətlənmişdi. Bu dəfə həmin 4 xal da əlçatmaz qalıb.
Qeyd edək ki, millimiz Polşaya 34:88 (2:18, 13:21, 11:32, 8:17) hesabı ilə uduzub.
İdman.biz