Əlvida, mundial: Priştinada məhv olan xəyal

Xəbərlər
21 Fevral 2025 11:19
63
Əlvida, mundial: Priştinada məhv olan xəyal

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi DÇ-2027-də oynamaq şansını itirib.

İdman.biz xəbər verir ki, bu, yarışın Avropa zonası üzrə 1-ci seçmə mərhələsi başa çatmamış rəsmiləşib.

Yığmamız 5-ci turda Kosovo ilə görüşüb. Tahir Baxşıyevin komandası Priştinadakı qarşılaşmada 79:81 hesabı ilə uduzub.

Bununla da millimizin qrupdan çıxmaq şansı qalmayıb.

A qrupunda yer alan yığmamız 6 xalla qrup sonuncusudur. İrlandiya və Kosovonun hərəyə 7 xalı var. Bu üç komanda ikinci yer üçün mübarizə aparır. 1-ci yerin taleyi isə çoxdan həll olub. İsveçrə 10 xalla digərləri üçün əlçatmazdır.

Azərbaycan millisinin 2-ci yer şansı qalıb. Komandamız son turda İrlandiyanı Bakıda məğlub etsə, İsveçrə isə Kosovoya sensasiya sevinci yaşatmasa, üç komandanın 8 xalı olacaq. Belə olanda şəxsi oyunlara baxılacaq. Azərbaycan 2-ci olmaq üçün İrlandiyanı 20 xal fərqi ilə üstələməlidir.

Bu, çətin görünsə də, mümkündür. Amma faydasızdır.

Çünki öz qruplarında 2-ci yeri tutanlardan yalnız ən yaxşısı 2-ci seçmə mərhələyə adlayacaq. A qrupunda 4, B və C qruplarında 3 komanda oynayır. Bu üzdən də ən yaxşı 2-ci yer sahibini müəyyənləşdirəndə həmin komandanın turnir cədvəlindəki qonşuları – 1-ci və 3-cü yerlə matçları nəzərə alınacaq. Yəni A qrupunda 4-cü yerlə matçlar nəzərə alınmayacaq.

Azərbaycan isə İsveçrəyə hər iki qarşılaşmada uduzub. Millimiz İrlandiyanı udaraq 2-ci yeri tutsa belə, 3-cü pillədəki üzərində cəmi 1 qələbəsi olacaq.

Digər qrupların hər ikisində ikinci yer sahibi 2 qələbə qazanıb. Bu isə o deməkdir ki, millimiz qalib gəlsə də, qiyabi mübarizədə ən yaxşı ola bilməyəcək. Eyni sözlər İrlandiyaya da aiddir. Ada təmsilçisi Bakıdan 2 xalla dönsə də, ən yaxşı 2-ci yer sahibi olmayacaq. Qrupumuzda yalnız Kosovonun bu vəsiqəyə ümidi var. Bunun üçün İsveçrəni udmaq və digər ikinci yerlərlə top fərqlərinin müqayisəsinə ümid etmək olar.

Millimiz üçün isə İrlandiya ilə qarşılaşma mundial baxımından formal xarakter daşıyır. “Əlvida, mundial” deyən Baxşıyevin yetirmələri formal 2-ci yer və ya qrup sonuncusu olmamaq, imic, reytinq xalları, İrlandiya üzərində revanş üçün mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan – İrlandiya matçı fevralın 23-də keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz