Azərbaycan millisi Priştinadan Bakıya qayıda bilmir

Xəbərlər
21 Fevral 2025 15:07
91
Azərbaycan millisi Priştinadan Bakıya qayıda bilmir

Kişi basketbolçulardan ibarət Azərbaycan millisinin hava şəraiti ilə əlaqədar Priştinadan Bakıya dönüşündə problem yaranıb.

Bunu İdman.biz-ə yığmanın kapitanı Amil Həmzəyev deyib.

O bildirib ki, Dünya çempionatı-2027-nin seçmə mərhələsi çərçivəsində Kosovoya qarşı keçirilən görüşdən sonra geri dönə bilməyiblər və reysləri təxirə düşüb: “Priştina - İstanbul, İstanbul - Bakı təyyarə reysi ilə qayıtmalı idik. Ancaq Türkiyədə hava pis olduğuna görə THY uçuşları ləğv elədi. Hazırda Belqrada gedirik. Ordan da Ankaraya uçub daha sonra Bakıya gələcəyik. Sabah təxminən saat 17:00-18:00-a paytaxta çatarıq. Axşam Ankarada qalacağıq. Hazırda hər şey yaxşıdır. Sabah İrlandiya ilə oyundan öncə məşqə çıxmalı idik. Çox güman ki, hazırlıq təxirə salınacaq”.

Qeyd edək ki, millimizin fevralın 23-də qarşılaşmalı olduğu İrlandiya ilə oyundan öncə - sabaha məşqi planlaşdırılmışdı.

Aytac Sahəd
İdman.biz