Endryu Louder: “Sumqayıt məni öz sakini kimi qəbul edir”

Xəbərlər
13 Mart 2025 14:35
39
Endryu Louder: “Sumqayıt məni öz sakini kimi qəbul edir”

“Komanda daxilindəki möhtəşəm abu-havaya söz ola bilməz”.

İdman.biz xəbər verir ki, bunu “Sumqayıt”ın basketbolçusu Endryu Louder klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Amerikalı legioner Azərbaycan Basketbol Liqasının hesabat turunda “Ordu” ilə qarşılaşmada 44 xal toplamaqla mövsümün məhsuldarlıq rekordunu vurmasına münasibət bildirib: “Sumqayıt”ın bu mövsüm ən sonuncu transferiyəm. Yəni, komandaya ən son qoşulan oyunçu mənəm. Buna baxmayaraq, bura gələndən əla atmosferə düşmüşəm, hər şey ürəyimcədir. İstər rəhbərlik, istər məşqçi heyəti, istərsə də oyunçularla çox yaxşı dil tapıram”.

O, Sumqayıtı şəhər olaraq çox bəyəndiyini də söyləyib: “Sumqayıtı həddindən artıq çox sevirəm. Bu şəhərdə özüm üçün müəyyən qaydalar müəyyənləşdirmişəm. Məsələn, ən sevdiyim kafeyə gedirəm, ən çox xoşladığım marketdən alış-veriş edirəm. Buranın insanlarına böyük dəyər verirəm. Şəhər məni öz sakini kimi qəbul edir. Sumqayıtda amerikalılara böyük hörmət var. Hərçənd başqa münasibət də bəsləyə bilərdilər. Buna görə də Sumqayıtı çox sevirəm”.

Endryu Azərbaycan Basketbol Liqasının səviyyəsi haqda da danışıb: “Azərbaycan çempionatının səviyyəsi yüksəkdir. Rəqabətədavamlı liqadır. Məsələn, bizim qərarlaşdığımız B qrupunda hər bir komanda istənilən rəqibi məğlub edə bilər. Oyunların nəticələrini əvvəlcədən proqnozlaşdırmaq olmur. A qrupundan heç danışmağa dəyməz. Məsələn, “Naxçıvan” “Sabah” kimi komandanı məğlub edir, sonra “Neftçi”yə böyük hesabla uduzur”.

Louder “Sumqayıt”ın hədəflərini də açıqlayıb: “Avropa ölkəsinin basketbol çempionatında oynayan hər bir komandanın hədəfi daxili yarışda çempion olmaqdır. “Sumqayıt” da bu arzularla yaşayır. Biz avrokuboklarda çıxış etmək istəyərdik. Mən öz komandama inanıram”.

Qeyd edək ki, “Sumqayıt” 17 turdan sonra 24 xalla B qrupunda 4-cü pillədə yer alıb.

İdman.biz