Gimnaziada: Basketbolçularımız mübarizəyə başlayır

Xəbərlər
7 Aprel 2025 11:52
53
Gimnaziada: Basketbolçularımız mübarizəyə başlayır

Zlatiborda ISF U15 Gimnaziada İdman Oyunlarında bu gün 3x3 basketbol turnirinə start verilir.

İdman.biz-in yarışa ezam olunmuş əməkdaşı xəbər verir ki, Oyunlarda Azərbaycan qız və oğlan yığmaları təmsil olunub.

Oğlanlar Meksika, Benin, Kosta-Rika, Nepal, Çili-1 və Serbiya-2 ilə birgə B qrupunda mübarizə aparacaqlar. Tunar Hacızadə, Revan Məmmədyarov, Yunis Gəncəliyev və Faiq Kərimovdan ibarət yığma Zaur Paşayevin rəhbərliyi altında ilk gündə Serbiya-2 və Meksika ilə qarşılaşacaq.

Aylin Əkbərzadə, Aylin Niftəliyeva, Günel Məmmədli və Nəzrin Almazovadan ibarət komandamıza isə Tatyana Deniskina rəhbərlik edəcək. Onlar Rumıniya, Ukrayna, Estoniya, Hindistan-1, Çili-2 və Serbiya-2 ilə eyni qrupda yer alıblar. Bu gün Azərbaycan basketbolçuları rumınlarla və serblərlə qarşılaşacaqlar.

Oğlanların yarışında 21 komanda üç qrupa bölünüb. Hər qrupdan beş komanda, həmçinin ən yaxşı altıncı komanda 1/8 finala yüksələcək.

Qızların turnirində 14 komanda iştirak edir. Hər qrupdan dörd komanda 1/4 finala yüksələcək.

Qrup mərhələsinin oyunları aprelin 10-da başa çatacaq. Qaliblər aprelin 11-nə planlaşdırılan pley-off oyunlarının nəticələrinə əsasən müəyyənləşəcək.

İdman.biz

Məqalədə: