Serbiyanın Zlatibor şəhərində keçirilən Gimnaziada İdman Oyunları çərçivəsində 3x3 basketboluna start verilib.
İdman.biz-in yarışa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Oyunlarda Azərbaycanın qız və oğlan komandaları da mübarizəyə başlayıb.
Tatyana Deniskinanın baş məşqçisi olduğu qızlardan ibarət millimiz B qrupunda meydan sahibinin 2-ci komandasına xal vermədən qalib gəlib – 18:0. Komandamız 2-ci görüşdə Rumıniyaya 10:20 hesabı ilə uduzub. İki turdan sonra Azərbaycan yığması qrupda 4-cü yerdədir.
Millimiz sabah Hindistanın 1-ci komandası (Bakı vaxtı ilə saat 13:00) və Estoniya (14:00) ilə qarşılaşacaq. Basketbolçularımız aprelin 10-da isə Çilinin 2-ci komandası (16:40) və Ukrayna (17:40) ilə görüşəcək.
Zaur Paşayevin baş məşqçisi olduğu oğlan millimiz isə ilk qarşılaşmasında Meksika ilə üz-üzə gəlib. Matç təmsilçimizin 11:8 hesablı qələbəsi ilə yekunlarışıb.
B qrupunda yer alan oğlan yığmamız sabah Çili-1 (14:20), Benin (16:45) və Serbiya-2 (18:25) ilə oynayacaq. Aprelin 10-da isə U-15 millimiz Kosta-Rika (16:20) və Nepalla (17:20) qarşılaşacaq.
Qeyd edək ki, aprelin 9-da 3x3 basketbolda istirahət günüdür.
İdman.biz