"Lənkəran"nın belaruslu baş məşqçisi Georgi Kondruseviçin Azərbaycan Basketbol Liqasında mövsümün son matçından sonra klubun mətbuat xidmətinə müsahibəsi
- Bu gün Azərbaycan Basketbol Liqasında 2024-25 mövsümündə son oyununuzu keçirdiniz. "Gəncə"yə böyük hesabla məğlub olduğunuz matç (74:100) barədə nə deyə bilərsiniz?
- Demək olar ki, 3 period mübarizə apara bildik. Daha sonra isə 9 nəfərlə oynamağımız, rotasiya imkanlarının az olması öz sözünü dedi. Əsas oyunçularımızdan olan Ceydem Folkner xəstələndiyi üçün bu matçı buraxmalı oldu. 4-cü periodda bu özünü daha çox göstərdi. Oyun bizim üçün psixoloji olaraq da çətin idi. Təbii ki, azarkeşlərimizin qarşısında daha yaxşı oyun nümayiş etdirmk istəyərdik. Döyüşdüyümüzü düşünürəm. Ən azından bunu etməyə çalışdıq.
- Bu mövsüm "Lənkəran" doğma azarkeşləri qarşısında qələbə qazana bilmədi. Onların mövsüm boyu dəstəyini necə qiymətləndirirsiz?
- Bəli, təəssüf ki, bunu bacarmadıq. Bu cür güclü liqada heyətdə hər zaman problemlərin yaşanması fonunda qələbələr qazanmaq çətindir. Amma buna baxmayraq, səfərdə 3 dəfə rəqibləri məğlub etdik. Ötən il "Şəki" komandasının cəmi 1 qələbə qazanmasını xatırlasaq, yeni yaranan komanda üçün bu, pis deyil. Nəzərə almaq lazımdır ki, biz cəmi 5 oyunda tam heyətlə mübarizə apardıq. Bəzi oyunlarda qələbəyə çox yaxın olduq. Əfsuslar olsun ki, həmin matçlarda şans bizim tərəfimizdə deyildi. Azarkeşlərimizə minnətdarlığımı bildirirəm. Onlar bizə dəstək oldular. Bu mənim üçün əla motivasiya idi. Qalib gəlməsək də, onlar hər dəfə bizə dəstək oldular. Mən də bir məşqçi kimi əlimdən gələni etdim.
- Sizin üçün il boyu ən yaddaqalan matç hansı oldu?
- Ən yadda qalan mövsümün əvvəlində "Sumqayıt"la oyun oldu. Onda hesabda 15 xal geridə olsaq da, yekunda 22 xal fərqi ilə qələbə qazandıq. İlk qələbəmiz, fikrimcə, yaddaqalan oldu.
- Son olaraq Azərbaycan və Lənkəran haqqında təəssüratlarınız? Buranı necə xatırlayacaqsınız?
- Azərbaycan çox maraqlı ölkədir. Mən burda yeni insanlarla tanış oldum. Burda olmaq mənim üçün xoş oldu. Ümumilkdə baxsaq, deyə bilərəm ki, gözəl ölkədə əla günlər keçirdim. Lənkəran da fərqli yer idi. Bakıya ümumiyyətlə bənzəmirdi.
İdman.biz