“Sərhədçi”nin ABŞ-li basketbolçu Antonio Uliyams klubun mətbuat xidmətinə müsahibə verib.
İdman.biz xəbər verir ki, o, komandasının çıxışı dəyərləndirib, pley-off şanslarını şərh edib.
- Ötən gün “Sumqayıt”la pley-in mərhələsinin 3-cü matçında çətin qələbə qazandınız. Matçla bağlı fikirlərin necədir?
- Düşünürəm ki, 4 hissənin 3-də yaxşı oynadıq. Fikrimcə, matçın sonları daha gərgin idi. Biz isə sərtlik və birlik nümayiş etdirdik. Buna görə də qələbə qazana bildik.
- Bu qalibiyyətin əsas motivasiya mənbəyi nə idi?
- İkinci matçı uduzmaq əslində bizə motivasiya oldu. Daha çox qələbə qazanmaq istəyi yarandı. Uduzmağı heç sevmirəm.
- Elə həmin məğlubiyyətdən danışaq. İlk oyundakı inamlı qalibiyyətdən sonra həmin məğlubiyyət gözlənilməz idi...
- Düşünürəm ki, 1-ci oyunda o qədər xal fərqi ilə qalib gəldikdən sonra ikinci matçda rəqibi düzgün qiymətləndirmədik. Nəticədə məğlub olduq və rəqib həmin oyunda qələbəyə layiq idi.
- Seriyanın 3 oyuna qədər uzanması növbəti görüşdə yorğunluq yarada bilər?
- Komandamız yorğun ola bilər, biz də oyunçu olaraq yorula bilərik. Amma növbəti seriyada qələbə üçün meydana çıxmalıyıq. Başqa yolumuz yoxdur.
- Növbəti mərhələdəki rəqib “Sabah”dır və sabah onlara qarşı ilk oyununuzu keçirəcəksiniz. Qələbə şansı nə qədərdir?
- Mənə elə gəlir ki, hər oyunda qalib gələ bilərik. Sadəcə olaraq, öz oyunumuzu göstərməliyik.
İdman.biz