“Pley-offdakı matçları tək oyunqurucusu ilə oynadıq”.
İdman.biz xəbər verir ki, bunu “Sərhədçi”nin baş məşqçisi Evren Alkaya klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis Azərbaycan Basketbol Liqasında pley-offun ikinci oyununda “Sabah”a məğlub olmalarından danışıb.
O bildirib ki, Antonio Uliyamsın yoxluğu matçda onlara çətinlik yaradıb: “Ailəvi səbəblərdən Antonio ölkəni tərk etmək məcburiyyətində qaldı. Tək oyunqurucusu ilə çətindir. İlk matçda 3 periodu “Sabah”a qarşı yaxşı oynadıq. Sadəcə 4-cü hissədə rəqibə müqavimət göstərə bilməmişdik. Bunu yaxşı bilən “Sabah” da ikinci oyuna aqressiv müdafiə ilə başladı. Təəssüf ki, biz müdafiədə yaxşı çıxış etmədik, ribaundları götürə bilmədiyimiz üçün rəqibin ikinci şansdan xallar atmasına imkan verdik. İstədiyimiz şəkildə liqa ilə vidalaşdıq”.
Alkaya komandanın bu mövsümkü çıxışını da dəyərləndirib: “Nəticə etibarı ilə komandamız bu mövsüm pis oynamadı. Yaxşı oyun göstərə bildik. Sadəcə qazanmaq hər şeydən önəmlidir. Bu mövsümdə bizə dəstək olan idarəçilərə, oyunçulara təşəkkür edirəm, hər kəsə uğurlar arzulayıram. Pley-ində ikinci qrupun sürətli basketbol oynayan komandası ilə 3 matç keçirmək məcburiyyətində qaldıq. 8 gün ərzində 4-cü oyunu “Sabah”a qarşı keçirdik. Bu səviyyədə oyunçuların qısa müddət ərzində bu qədər matç oynaması çox çətinlik yaradır, yorğunluq olur. Təbii ki, bu da bizim oyunlarımıza təsir etdi. Son matça çox gücsüz çıxdıq və uduzduq. Növbəti mövsümdə hər kəsə uğurlar arzu edirəm”.
Qeyd edək ki, “Sərhədçi” “Sabah”a 77:104 hesabı ilə məğlub olub.
İdman.biz