"The Athletic" NBA basketbolçuları arasında liqanın bukmeker kontorları və kazinolarla əməkdaşlığına münasibəti ilə bağlı anonim sorğu keçirib.
İdman.biz xəbər verir ki, Milli Basketbol Assosiasiyası 2021-ci ildən böyük bukmeker kontorları "FanDuel" və "DraftKings" ilə əməkdaşlıq edir və bəzi komandalar da kazino operatorları ilə müqavilələr imzalayıblar.
NBA-dan 150 basketbolçu "NBA-nın qumar oyunları ilə əməkdaşlığı liqa üçün yaxşıdır, yoxsa pis?" mövzusunda anonim sorğuda iştirak edib.
Sorğuya qatılanların 46%-i belə tərəfdaşlıqlara mənfi münasibət bəsləyir. Oyunçular qeyd edirlər ki, bukmeker kontorlarının daimi reklamı mərc oyunlarına aludə olan insanların sayının artmasına səbəb olur. Bundan əlavə, basketbolçular məğlubiyyətlərə görə tez-tez mərc edənlərdən hədələr alırlar.
Oyunçuların 34%-i NBA-nın bukmeker kontorları və kazinolarla əməkdaşlığına müsbət yanaşır, çünki bu, liqaya böyük pullar gətirir.
Respondentlərin 12%-i bu tip ortaqlığa neytral yanaşır, 8%-i isə öz mövqeyinə qərar verə bilməyib.
İdman.biz