“Mən bura gələndə basketbola küskün olan Gəncə vardı”.
İdman.biz xəbər verir ki, bunu “Gəncə”nin baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Şəki"yə məğlub olaraq mübarizəni dayandırmalarına münasibət bildirib. Türkiyəli mütəxəssisin sözlərinə görə, azarkeşləri sevindirmək üçün əlindən gələni edib: “Hər şeydən əvvəl mövsüm ərzində bizə dəstək verən azarkeşlərə təşəkkür edirəm. Onları sevindirməyə çalışdıq. Bu çempionat gördüyümüz işlərlə insanların sevgisini təkrar qazanan komanda gördüm. Öz adıma deyə bilərəm ki, qurduğum komandaya görə çox xoşbəxtəm. Oyunçularıma xarakterlərinə və verdikləri mübarizəyə görə minnətdaram. Mənə problem yaşatmadılar. Texniki heyətə, köməkçimə, menecerimizə, həkimə və bizə yardımçı olan hər kəsə təşəkkürümü bildirirəm. Bu mövsüm “Gəncə” üçün yaxşı işlər görmək istərdik. Arxaya dönüb baxanda kubokda final oynayan, pley-offa vəsiqə qazanan bir kollektiv qurmağı bacardığımızı görürəm”.
Atlı “Gəncə”yə gələrkən əsas hədəfinin pley-offlarda oynamaq olduğunu xatırladıb: “Bu istəyimizə çatdıq. Bütün azarkeşlərdən halallıq istəyirəm. Məşqçi kimi əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Sıxıntıları necə dəf edə, yaxşı gördüyümüz işləri necə daha da inkişaf etdirə bilərik deyə düşündük. Federasiya rəhbərliyinə də təşəkkür edirəm, bizə fəaliyyətimiz üçün yaxşı imkanlar yaratdılar”.
Qeyd edək ki, “Gəncə” pley-off mərhələsi seriyasında "Şəki"yə 1:2 hesabı ilə uduzub.
İdman.biz