“Quba”nın legioneri: “Bu addımlar liqanın xeyrinə işləyəcək” - MÜSAHİBƏ

Xəbərlər
25 Aprel 2025 14:00
225
“Quba”nın legioneri: “Bu addımlar  liqanın xeyrinə işləyəcək” - MÜSAHİBƏ

"Quba"nın basketbolçusu Levan Qoqaladze klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, gürcüstanlı legioner pley-in mərhələsində başa vurduqları mövsümü dəyərləndirib.

- Mövsüm "Quba" üçün pley-in mərhələsində başa çatdı. Komanda "Ordu"ya məğlub olaraq, iştirakını dayandırdı. Səncə, nəyə görə komanda uduzdu?

- Bu, yaxşı və qısa seriya idi. Təəssüf ki, komandaya kömək edə bilmədim. Üstəlik, ilk oyunda Zaur Paşayev meydana çıxa bilmədi. Fikrimcə, həmin seriyada meydana olsaydım, pley-offda oynayardıq.

- "Ordu"ya qarşı görüşlərdə zədəli olduğun üçün iştirak etmədin. Birinci oyundan öncə məşqdə zədələnmişdin və başına tikil atılmışdı. İndi durumun necədir?

- Bəli, qeyd etdiyim kimi komandaya kömək edə bilmədim. Oyundan öncə keçirilən məşqdə bəxtsizlik yaşadım. Başımdan zədələndim və tikiş atıldı. İndi özümü yaxşı hiss edirəm.

- Artıq üç ildir ki, ölkəmizdə legioner həyatı yaşayırsan. Azərbaycan basketbolunda inkişaf görürsən?

- Azərbaycanda basketbol inkişaf edir. Fikrimcə, oyunlara daha çox uşaq gətirmək lazımdır. Həmçinin daha mütəşəkkil baş menecerlər və bu cür bəzi addımlar da liqanın xeyrinə işləyəcək.

- Gürcüstan və Azərbaycan basketbolunu necə müqayisə edərdin?

- Fikrimcə, xarici oyunçuların səviyyəsi demək olar ki, eynidir. Çünki Azərbaycanda oynamış bir çox oyunçu əvvəllər elə Gürcüstanda da çıxış edib. Bu iki ölkə klubları arasında fərq komandalardakı intizam və yerli oyunçulardadır.

- Səncə, "Quba" müntəzəm mövsümdə də nəyə görə uğursuz çıxış etdi? B qrupunda sonuncu yerdə olmasaz da, yalnız bir pillə yuxarıda qərarlaşdınız...

- Diqqətimizi mövsümün sonuna fokuslamışdıq. Düzü, irəlidəki komanda ilə aramızda fərq də çox deyildi. Pley-in matçlarında göstərdik ki, tam heyətlə olmasaq belə, istənilən komandaya qarşı yaxşı mübarizə aparıb, yaxşı seriya əldə edə bilərdik.

- Yeni mövsümə də "Quba"da, Azərbaycan Basketbol Liasında başlayacaqsan?

- Biz bunu hələ müzakirə etməmişik. Necə olacağını zaman göstərəcək. Mən baş məşqçimiz Şəhriyar Əsgərova və kapitanımız Zaur Paşayevə hörmətlə yanaşıram. Onlara hər zaman ən yaxşısını arzulayıram.

- Səncə, ABL-də hansı komanda çempion olacaq?

- Məncə, “Sabah” yenə qalib gəlmək üçün favoritdir. Baş məşqçi Rimas Kurtinaytis çox yaxşı komanda qurub.

İdman.biz