Borisov idman məktəbinnin yetirməsi: “Onlar cəlilabadlı olduğumu biləndə heyrətləndilər” - MÜSAHİBƏ

Müsahibə
15 Noyabr 2023 14:45
172
Borisov idman məktəbinnin yetirməsi: “Onlar cəlilabadlı olduğumu biləndə heyrətləndilər” - MÜSAHİBƏ

“Sumqayıt”ın basketbolçusu Nəzər Quliyev klubun mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, o, bu idmana sevgisindən, komandasının gələcək oyunlarından və hədəflərindən danışıb.

- 2002-ci ildə Belarusda doğulmusan. Orada basketbola maraq necə yarandı?
- Basketbolun ilk sirlərini Borisov idman məktəbində öyrənmişəm. Artıq 4-cü sinifdə oxuyanda orada məşq edirdim. Məni basketbola həvəsləndirən əmim oğlanları oldu və onlarla eyni komandada oynamağa başladım. İş elə gətirib ki, hazırda o - Vüqar Quliyev Amerikada NCAA komandalarından birində çıxış edir, mən isə “Sumqayıt”da oynayıram.

- Onun draftlarda iştirak etmək şansı var?
- Bəli, belə bir fikri var. O, özü də məni Amerikaya çağırır. Deyir ki, sən basketbolu bu cür yaxşı oynayırsan, niyə özünü ABŞ-da sınamaq istəmirsən?! Nə deyim, nəsə orada uğur qazanacağıma bir qədər şübhə edirəm. Orada özünü doğrultmaq üçün çox çalışmalısan. Bəlkə də, getdim. Hələ vaxtım var.

- Bəs Belarusda necə inkişaf etdin? Hansı komandalarda çıxış etmisən?
- 16 yaşıma qədər Borisovda çıxış etmişəm. Bu şəhəri təmsil edən komandanın heyətində yeniyetmələrdən ibarət Belarus birinciliyində oynamışam. Orta məktəbi bitirib, universitetə daxil olandan sonra məni “TSMOKİ Minsk” komandasına dəvət etdilər. İki il bu klubun gənclərdən ibarət komandasında çıxış etmişəm. Daha sonra Azərbaycandan təklif gəldi.

- Artıq burada 3 oyunda meydana çıxmısan. Çempionatımızın səviyyəsi haqda nə deyə bilərsən?
- Doğrusu, çox bəyəndim. Əslində, Belarusla Azərbaycan liqaları arasında müəyyən fərqlər var. Biz hələ yolun başlanğıcındayıq. Demək olar ki, hər şey sıfırdan qurulub. Belarusda isə çempionat 20 ildən artıqdır ki, keçirilir. Oranın yerli oyunçularının səviyyəsi yüksəkdir. Bizdə hələ bu mənada axsama var. Amma Azərbaycanda çıxış edən legionerlərin səviyyəsi yüksəkdir. Çempionatımızdakı rəqabətə gəlincə, komandalar arasında səviyyə fərqi demək olar ki, bərabərdir. Çoxu “Sabah” komandasını xüsusi fərqləndirir. Hər halda, avrokubokda oynayırlar. Amma orada əsasən legionerlərə güvənirlər. Yerli oyunçuları da yaxşıdır, amma bizdən üstün olduqlarını deməzdim. Görək sona qədər necə gedəcəklər?! Zədələrdən əziyyət çəkməsək, onlara “əlcək ata bilərik”.

- “Sumqayıt” haqda nə deyə bilərsən? Klubun iddiası səni qane edirmi?
- Çox yaxşı komandadır. Rəhbərlik də bizə qarşı çox mehribandır. Məsələn, 2 gün əvvəl şam süfrəsi arxasında komandanın planlarından danışdıq, perspektivlərini müzakirə etdik. Bir sözlə gənc, amma eyni zamanda, iddialı kollektivik. Bir həftə əvvəl heyətə yeni amerikalı oyunçu qoşuldu, iki gün əvvəl biri də gəldi. Əslində, çıxışımızdan danışmalı olsaq, oyundan-oyuna artırdığımızı deyə bilərəm. NTD-INDIGO ilə Xaçmazda keçirdiyimiz ilk oyunda komandada bir qədər özünəinam çatışmadı. İkinci oyunda “Xırdalan”ı asanlıqla məğlub edə bilərdik. Bir qədər bəxtimiz gətirmədi. Son raundda səhvlərimiz nəticəyə öz mənfi təsirini göstərdi. “Sərhədçi” ilə oyunda isə ilk qələbəmizi qazandıq. Hərçənd onları 4 xal fərqilə məğlub etdik, amma hesab daha böyük ola bilərdi. Doğrusu, “Sərhədçi”ni çox bəyəndim. İstər əcnəbi, istərsə də yerli oyunçularının səviyyəsi yüksəkdir. Məsələn, yerlilərdən Cəbrayıl Əkbərovun adını çəkə bilərəm.

- “Neftçi” ilə növbəti turda keçirəcəyiniz oyun haqda nə deyə bilərsiz?
- “Neftçi” yaxşı komandadır. Amma hər şey bizim özümüzdən asılıdır. Yaxşı oynasaq, meydanda anlaşma səviyyəsi yüksək olsa, nəticə də gələcək. Əlbəttə, doğma azarkeşlər qarşısında oynamaq xoşdur. Ümid edirəm ki, sumqayıtlılar arenaya gəlib bizi dəstəkləyəcəklər. Həmin oyunu səbirsizliklə gözləyirik.

- Əslin Cəlilabaddansan. “Sumqayıt”la müqavilə imzaladıqdan sonra doğma rayonuna yollanıb qohumlarınla görüşmüsən?
- Bəli, atam Cəlilabadın Alar kəndindəndir. Amma mən “Sumqayıt”a keçməzdən əvvəl də bura gəlirdim. Məktəbdə oxuyarkən yay tətilində Azərbaycanda olurdum. Sonuncu dəfə 5 il qabaq burada olmuşam.

- Maraqlıdır ki, çempionatımızda doğma rayonunu təmsil edən “Cəlilabad” klubu da çıxış edir. “Sumqayıt” Cəlilabada da səfər edəcək. Həmin oyunda hansı hissləri keçirəcəksən?
- Mən artıq bu komandanın baş məşqçisi Şəhriyar Əsgərovla da görüşmüşəm. Həmçinin komandanın kapitanı Zaur Paşayevlə də söhbət etmişəm. Doğrusu, onlar cəlilabadlı olduğumu biləndə heyrətləndilər. İstənilən halda, həmin oyun mənim üçün xüsusi əhəmiyyət kəsb edəcək. Maraqlı görüş olacaq.

- Bəs avroliqa və NBA-nı izləyirsən? Hansı komandaları dəstəkləyirsən və ən sevdiyin basketbol ulduzları kimlərdir?
- Əlbəttə, izləyirəm. Avroliqadan danışmalı olsaq, “Real Madrid”i çox bəyənirəm. “Monako”nun oyunu da xoşuma gəlir. Xüsusən də Mayk Ceymsi fərqləndirərdim. Arenasındakı atmosferə görə “Srvena Zvezda” da xoşuma gəlir. NBA-da isə Lebron Ceymsin fanatıyam. Mən onun oyunlarını izləyərək böyümüşəm. Məsələn, əvvəllər basketbol həvəskarları Maykl Cordan və daha sonra Kobi Brayantın oyunlarına valeh olublar. Təbii ki, bu oyunçular özlərindən sonra irs qoyub gediblər. Lebronu da sevmişəm. Dəstəklədiyim komanda isə “Los Anceles Leykers”dir. Kobi Brayantın dövründən “Leykers”liyəm. Hər halda, “Leykers” basketbolun ikonasıdır.

İdman.biz