“Bu il yeni qaydalarla və fərqli formatda keçirilən yarışda “Azərreyl-1” klubunda çıxış etdim. Bu mövsüm mənim komanda yoldaşım da dəyişmişdi”.
İdman.biz xəbər verir ki, bunu çimərlik voleybolu üzrə Azərbaycan çempionu olan “Azərreyl-1”in oyunçusu Larisa Smeltsova deyib.
Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verən voleybolçu yarış barədə fikirlərini bildirib: “Buna baxmayaraq, biz uğurlu çıxış etdik. Belə deyə bilərəm ki, “Azərreyl” klubu çimərlik voleybolunda da çempionluq seriyasını davam etdirir. Biz çempion olduq və beynəlxalq yarışda ölkəmizi təmsil etmək hüququ qazandıq. Yarışın təşkilatçılığı yüksək səviyyədə idi. Hər il daha maraqlı çempionat olur. İnanıram ki, bu cür yarışlar və yüksək səviyyəli təşkilatçılıq Azərbaycanın çimərlik voleybolu üçün böyük uğurlar qazandıracaq”.
Qeyd edək ki, çempion finalda “Murov Az Terminal”a qalib gəlib.
İdman.biz