“Çempionlar Gecəsi bizim üçün çətin keçməyəcək”.
Bunu İdman.bizə boks üzrə Azərbaycan millisinin üzvü Sərxan Əliyev (71 kq) deyib.
O, Bakıda keçiriləcək boks üzrə İBA Çempionlar Gecəsi ilə bağlı danışıb. Əliyev bildirib ki, əlindən gələni edib bu gecədə qələbə qazanmağa çalışacaq: “Öz vətənimizdə baş tutacaq yarışda çıxış etmək çox yaxşı haldır. Çünki bu, bizə əlavə motivasiya verəcək. Buna görə də tam gücümüzlə hazırlaşırıq. İnanıram ki, hər birimizin nəticəsi çox yaxşı olacaq”.
Onun sözlərinə görə, rəqibi Monx-Erdene Urançimeq (Monqolustan) ilə daha öncə iki dəfə döyüşüb: “Çox yaxşı və təcrübəli idmançıdır. 3 dəfə Olimpiya mükafatına layiq görülüb. Lakin mən də müəllimlərimlə birgə rəqibimi yaxşı analiz etmişik. Hazırda U-22 milli komandası ilə hazırlıqlarımıza davam edirik. Məşqlərimiz yüksək səviyyədədir. Ümidvaram ki, hər şey yaxşı olacaq”.
Qeyd edək ki, sentyabrın 28-də keçiriləcək İBA Çempionlar Gecəsində Aəzrbaycanı 4 idmançı - Nicat Hüseynov (51 kq), Sərxan Əliyevlə (71 kq) Məhəmməd Abdullayev (+92 kq), Məhəmmədrəsul Məcidov (+92 kq) təmsil edəcək.
Banuçiçək Hüseynli
İdman.biz