ABF prezidentinin müşaviri: "Əsas planlarımızdan biri belə mötəbər gecənin Qarabağda keçirilməsidir”

Xəbərlər
26 Sentyabr 2024 19:06
500
ABF prezidentinin müşaviri: "Əsas planlarımızdan biri belə mötəbər gecənin Qarabağda keçirilməsidir”

"Bakıda dünyanın ən güclü boksçularının iştirakı ilə belə bir mötəbər gecənin keçirilməsi Azərbaycanda boksun inkişafı üçün yeni bir mərhələnin başlanğıcı deməkdir".

İdman.biz xəbər verir ki, bu sözləri Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov İBA Boks Gecəsində iştirak edəcək boksçuların çəki və üz-üzə mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, İBA Boks Gecəsində yarışacaq Azərbaycan idmançılarına inanır: "Bu yarışda iştirak edən idmançılarımıza uğurlar arzulayıram. İnanırıq ki, onların çıxışı gənc boksçularımız üçün də motivasiya olacaq. Növbəti illərdə də belə yarışların keçirilməsi planlaşdırılır. Həm Bakıda, həm də respublikanın digər bölgələrində bu cür yarışların təşkilini nəzərdə tuturuq. Hətta bizim əsas planlarımızdan biri belə mötəbər gecənin Qarabağda keçirilməsidir".

Hüseynov yarışın mükafat fondunu da açıqlayıb: "Bu yarışda Beynəlxalq Boks Assosiasiyası tərəfindən çəki dərəcələrindən asılı olaraq mükafatlar nəzərdə tutulub. Əsas döyüşdə qalib gələn idmançı üçün mükafat 300 min dollardır. Eyni zamanda, Məhəmməd Abdullayevin iştirakı ilə keçiriləcək ikinci döyüşün qalibi 50 min dollar mükafat alacaq".

Qeyd edək ki, dünyanın ən güclü boksçularının iştirakı ilə Milli Gimnastika Arenasında təşkil olunacaq İBA Boks Gecəsi sentyabrın 28-də dünyanın ən güclü boksçularının iştirakı ilə 8 döyüşü ilə baş tutacaq. Bu görüşlərin 4-də Azərbaycan idmançıları da təmsil olunacaq.

Aytac Sahəd
İdman.biz