Boksçularımız Avropa çempionatında 4 medal qazanıb - FOTO

Xəbərlər
20 Oktyabr 2024 20:22
533
Boksçularımız Avropa çempionatında 4 medal qazanıb - FOTO

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək boksçular arasında Avropa çempionatında çıxışını başa vurub. Yığmamız qitənin ən güclülərinin mübarizəsində 3 gümüş və 1 bürünc medal qazanıb.

Komandamızın aktivinə 4-cü mükafatı Murad Allahverdiyev yazdırıb. 80 kq çəkidə çıxış edən boksçumuz finalda Sezar Yojerlinə (Fransa) məğlub olduğundan Avropa çempionatında fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Ondan öncə Tural Sarıyevlə (48 kq) Nicat Hüseynov (51 kq) da yarışda gümüş medala sahib olub. Marjona Savriyeva (50 kq) isə üçüncü yeri tutub.

***

18:12

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada 23 yaşadək boksçular arasında Avropa çempionatında daha bir medal qazanıb.

İdman.biz xəbər verir ki, yığmamızın aktivinə növbəti mükafatı Nicat Hüseynov yazdırıb.

51 kq-da çıxış edən boksçumuz qitə birinciliyini gümüş medalla başa vurub. Bu, Hüseynovun Avropa çempionatlarında qazandığı 3-cü medal olub. O, daha öncə U-22-lər arasında 2 dəfə çempion tituluna yiyələnib.

Yığmamızın Sofiyada əldə etdiyi medalların sayı isə 3-ə yüksəlib. Hüseynovdan öncə Tural Sarıyev (48 kq) ikinci, Marjona Savriyeva (50 kq) üçüncü yeri tutub.

Qeyd edək ki, bu gün yığmamızın daha 1 boksçusu final qarşılaşmasına çıxacaq.

***

17:20

Azərbaycan boksçusu Tural Sarıyev U-23 Avropa çempionatında gümüş medal qazanıb.

İdman.biz xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan milli üzvü bu mükafata Bolqarıstanın paytaxtı Sofiyada nail olub.

İlk iki görüşündə müvafiq olaraq Laşa Kereselidze (Gürcüstan) və Samet Oruc Salihi (Türkiyə) məğlub edən Sarıyev finalda Luis Runi (İrlandiya) ilə üz-üzə gəlib. Görüş rəqibin 4:1 hesablı qələbəsi ilə yekunlaşdığından Tural Avropa çempionatını ikinci yerdə bitirib.

Bu, millimizin yarışda qazandığı ikinci medal olub. Sarıyevdən öncə Marjona Savriyeva (50 kq) bürünc mükafata yiyələnib.

Qeyd edək ki, bu gün yığmamızın daha 2 boksçusu final qarşılaşmasına çıxacaq.

İdman.biz