Tural Sarıyev: "Onunla yenidən görüşüb revanş almaq istəyərəm"

Xəbərlər
21 Oktyabr 2024 17:34
273
Tural Sarıyev: "Onunla yenidən görüşüb revanş almaq istəyərəm"

"Bu yarışa çox yaxşı hazırlaşmışdıq. Avropa çempionatına yollanmazdan əvvəl Bakıda fiziki, texniki və taktiki hazırlıq üzrə təlim-məşq toplanışları keçmişdik".

Bunu İdman.bizə açıqlamasında Azərbaycan boksçusu Tural Sarıyev deyib.

23 yaşadək boksçular arasında Avropa çempionatında uğur qazanan Azərbaycan milli komandasının Heydər Əliyev Beynəlxalq Aeroportundakı qarşılanma mərasimində fikirlərini bildirib: "Çempionatda üç görüş keçirdim. 1/4 finalda gürcüstanlı rəqibimə qalib gələrək yarımfinala vəsiqə qazandım. Bu mərhələdə Türkiyə boksçusu üzərində qələbə əldə etdim. Finalda İrlandiyadan olan rəqibimə məğlub oldum. Hakimlərin haqsızlığı ilə üzləşdim, qələbəni irlandiyalı boksçuya verdilər".

İdmançımız hədəfləri və finaldakı məğlubiyyətin əvəzini çıxmaq arzusunu da açıqlayıb: "Hədəfim Avropa, dünya və Olimpiya çempionu olmaqdır. Gələcəkdə bu gümüşü qızıla çevirəcəyəm. İrlandiyalı rəqibimlə yenidən görüşüb revanş almaq istəyərəm. Onu 1/4 finalda məğlub etmək istəyirəm ki, onu mükafatçılar sırasına düşməyə qoymayım və medalsız qalsın".

Qeyd edək ki, Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan yarışda 48 kq çəkidə çıxış edən Sarıyev gümüş medal qazanıb.

İdman.biz

Məqalədə: