“Himnimizi səsləndirmək mənim üçün böyük qürurdur”.
Bunu İdman.biz-ə Azərbaycan millisinin boksçusu Zeynəb Rəhimova (52 kq) deyib.
Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turnirində qızıl medal qazanan idmançı qələbə təəssüratlarını bölüşüb: “İlk raundu uduzduğum üçün böyük stres keçirdim. Sonra müəllimlərlə məsləhətləşdik, qurduğumuz texnika nəticəsində gedişatı dəyişə bildim”.
Bu dəfə 54 kq-da deyil, 52 kq çəkidə döyüşən Rəhimova bildirib ki, ardıcıl ikinci dəfə analoji yarışın qalib olmaq xoşdur: “Ötən il qalib gəldiyim üçün bu il finalda uduzmağı özümə layiq bilmədim. Çox sevincliyəm, artıq ikinci dəfədir ki, Böyük İpək Yolu turnirində qalib gəlirəm. Rəqiblərin hamısı titullu idmançılar idi. Şükürlər olsun ki, qalib gəldim. Öncə müəllimlərimə təşəkkür etmək istəyirəm. Bu, hamımızın əziyyətidir. Daha böyük uğurlara imza atacağıq. Qələbəni öz vətənimə həsr edirəm”.
Qeyd edək ki, Zeynəb Rəhimova finalda Qazaxıstan təmsilçisi Anja Sadvakassovanı 4:1 hesabı ilə məğlub edib.
Aytac Sahəd
İdman.biz