Mahir Məmmədov: "Nicat üçün hazırlıq proqramı tərtib olunub"

Xəbərlər
16 Yanvar 2024 11:07
237
Mahir Məmmədov: "Nicat üçün hazırlıq proqramı tərtib olunub"

"FIDE tərəfindən İddiaçılar Turniri yaranandan Azərbaycan şahmatçıları əksər yarışlarda iştirak edib”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov deyib.

O, AŞF-nin rəsmi saytına bildirib ki, Nicat Abasov İddiaçılar Turnirinə düşməyi haqq edib: “Mütəmadi olaraq Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov İddiaçılar Turnirində mübarizə aparıb, hətta qalib gəlməyə yaxın olub. Şəhriyar Berlində qalibiyyətin bir addımlığında olduğu halda ikinci yeri tutdu. Teymur Madrid şəhərindəki turniri üçüncü yerdə başa vurdu. Bu yarışdan sonra Maqnus Karlsen dünya çempionu titulunu qorumaqdan imtina etdi və İddiaçılar Turnirində ilk iki yeri tutan şahmatçılar çempionluq uğrunda mübarizə apardı. Bu il növbəti dəfə Azərbaycan şahmatçısı İddiaçılar Turnirində yarışacaq. Nicat Abasov Dünya Kubokundakı çıxışıyla mötəbər turnirdə iştiraka layiq olduğunu göstərdi. Maqnus Karlsen imtina etmədən öncə belə Nicat bu yarışda iştirakı haqq etdiyini düşünürdüm. Yadınızdadırsa, Dünya Kubokunda üçüncü yer uğrunda görüşün ilk partiyasında Nicat Fabianoya qalib gəldi, sonradan təzyiqə davam gətirə bilmədi və üçüncü yerin bir addımlığında dayandı”.

Məmmədovun sözlərinə görə, Nicat Abasovun hazırlığıya bağlı xüsusi proqramın tərtib edilib: “Azərbaycan Şahmat Federasiyasıyla birgə hazıqlıq planı tərtib olunub. Nicatın yarışa layiqincə hazırlaşması üçün proqram üzrə bütün işlər görülür”.

Qeyd edək ki, İddiaçılar Turniri aprelin 2-25-də Kanadanın Toronto şəhərində keçiriləcək.

İdman.biz