Özbəkistanın Səmərqənd şəhərində 46-cı Ümumdünya Şahmat Olimpiadasına start verilib.
İdman.Biz xəbər verir ki, Azərbaycan yığmaları ilk turda uğurlu nəticə göstərib.
Kişilərdən ibarət komandamız Mərakeş yığmasını 4:0 hesabı ilə məğlub edib. Lövhələrində Aydın Süleymanlı, Məhəmməd Muradlı, Rauf Məmmədov və Eltac Səfərli qələbə qazanıb. Komandanın heyətində Şəhriyar Məmmədyarov da yer alıb.
Qadınlardan ibarət yığmamız isə Qvatemala üzərində eyni hesablı qələbə qazanıb – 4:0. Gövhər Beydullayeva, Xanım Balacayeva, Günay Məmmədzadə və Gülnar Məmmədova rəqiblərini məğlub ediblər. Komandanın heyətində Ülviyyə Fətəliyeva da yer alıb.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarət İsveçrə sistemi üzrə keçirilir və sentyabrın 27-də başa çatacaq.
11:19
Özbəkistanın Səmərqənd şəhərində 46-cı Ümumdünya Şahmat Olimpiadasına start verilir.
İdman.Biz xəbər verir ki, mötəbər turnirdə Azərbaycanın kişi və qadınlardan ibarət milli komandaları da mübarizə aparacaqlar.
Kişilərin yarışında ölkəni Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli təmsil edəcəklər. Qadınların mübarizəsində isə Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova çıxış edəcəklər.
İlkin turda püşkə əsasən, kişilərdən ibarət Azərbaycan milli komandası Mərakeş, qadın milli komandası isə Qvatemala şahmatçıları ilə üz-üzə gələcək. İlk turda Şəhriyar Məmmədyarovla Ülviyyə Fətəliyeva istirahət edəcəklər.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq və sentyabrın 27-də başa çatacaq. Turnirdə 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.
