Azərbaycan şahmatçılarından Özbəkistanda növbəti qələbələr - YENİLƏNİB

18 Sentyabr 2026 19:14
743
Azərbaycan şahmatçılarından Özbəkistanda növbəti qələbələr

Azərbaycanın kişi və qadın yığmaları Özbəkistanın Səmərqənd şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının üçüncü turunda növbəti qələbələrini qazanıblar.

İdman.Biz xəbər verir ki, Azərbaycanın kişilərdən ibarət komandası İsveçrəyə 3:1 hesabı ilə qalib gəlib.

Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı rəqiblərini üstələyiblər. Aydın Süleymanlı və Eltac Səfərli isə heç-heçə edib.

Qadınlardan ibarət Azərbaycan komandası isə İsveç yığması ilə üz-üzə gəlib. Şahmatçılarımız bu görüşdə 2,5:1,5 hesablı qələbə qazanıblar. Millimizin heyətində yalnız Gülnar Məmmədova rəqibini məğlub edib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Günay Məmmədzadə isə heç-heçəyə razılaşıb.

Qeyd edək ki, ilk iki turda Azərbaycanın kişilərdən ibarət yığması Mərakeş (4:0) və Filippin (3:1) komandalarına qalib gəlib. Qadınlardan ibarət komanda isə Qvatemala və Danimarkanı 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarət keçirilir. Yarış sentyabrın 27-də başa çatacaq.

11:54

Azərbaycanın kişi və qadın şahmat yığmalarının Özbəkistanın Səmərqənd şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının üçüncü turu üçün heyətləri açıqlanıb.

İdman.Biz xəbər verir ki, 3-cü turda kişi şahmatçılarımız İsveçrə, qadınlardan ibarət komandamız isə İsveç yığması ilə qarşılaşacaq.

Kişi millisinin kapitanı Teymur Rəcəbovdur. Komandamız İsveçrə ilə görüşə ən güclü heyətlə çıxacaq. Eltaç Səfərli bu turda istirahət edəcək.

Nicat Abbasovun rəhbərlik etdiyi qadın yığmasında isə 3-cü turda Xanım Balacayeva oynamayacaq.

İsveçrə – Azərbaycan:

Sebastian Boqner (2547) – Şəhriyar Məmmədyarov (2720)
Niko Georgiadis (2535) – Aydın Süleymanlı (2664)
Li Min Pen (2568) – Məhəmməd Muradlı (2653)
Fabian Benziger (2426) – Rauf Məmmədov (2631)

Azərbaycan – İsveç:

Ülviyyə Fətəliyeva (2402) – Pia Kramlinq (2388)
Gövhər Beydullayeva (2392) – İnna Aqrest (2250)
Günay Məmmədzadə (2351) – Laviniya Valku (2170)
Gülnar Məmmədova (2311) – Ancelina Fransson (2041)

Qeyd edək ki, 2-ci turda Azərbaycanın kişi yığması Filippini 3:1, qadın millisi isə Danimarkanı 4:0 hesabı ilə məğlub edib. Hər iki komandamız 4 xalla turnir cədvəlində lider qruplarında yer alır.

09:26

Bu gün Azərbaycanın kişilərdən və qadınlardan ibarət şahmat milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərinə çıxacaqlar.

İdman.Biz xəbər verir ki, kişilər üçüncü turda İsveçrə yığması ilə qarşılaşacaq. Qadınlardan ibarət komandamız isə İsveç seçməsi ilə üz-üzə gələcək.

Azərbaycanın kişilərdən ibarət millisi əvvəlki turlarda Mərakeşi 4:0, Filippini isə 3:1 hesabı ilə məğlub edib. Qadın yığmamız Qvatemala və Danimarka üzərində hərəyə 4:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.

İdman.Biz