Şahmat Olimpiadası: Kişi millimiz qələbə qazandı, qadınlarımız isə uduzdu - YENİLƏNİB

21 Sentyabr 2026 19:37
1 013
Şahmat Olimpiadası: Kişi millimiz qələbə qazandı, qadınlarımız isə uduzdu

Kişilərdən və qadınlardan ibarət Azərbaycan milli komandaları Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini keçiriblər.

İdman.Biz xəbər verir ki, kişilərdən ibarət yığmamız altıncı turda Argentina ilə qarşılaşıb. Komandamız rəqibini 2,5:1,5 hesabı ilə məğlub edib.

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Məhəmməd Muradlı heç-heçə edib. Aydın Süleymanlı isə rəqibinə qalib gəlib.

Qadın millimiz isə Qazaxıstanla görüşdən məğlub ayrılıb – 1,5:2,5. Xədicə Balacayeva, Gövhər Beydullayeva və Gülnar Məmmədova partiyalarını heç-heçə başa vurublar. Günay Məmmədzadə isə məğlub olub.

Bundan əvvəl kişi komandamız Mərakeş, Filippin və İsveçrəni məğlub edib, Çexiya və Rumıniya ilə heç-heçə edib. Qadın millimiz isə Qvatemala, Danimarka, İsveç, İngiltərə və Serbiya üzərində qələbə qazanıb.

Altıncı turdan sonra Azərbaycan kişilərdən ibarət yığması 8 xalla 11-ci, qadın komandası isə 10 xalla 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən 11 turluq Ümumdünya Şahmat Olimpiadası sentyabrın 27-də başa çatacaq.

15:33

Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında altıncı turun partiyaları keçirilir.

İdman.Biz xəbər verir ki, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov altıncı tur çərçivəsində qadınların yarışında Azərbaycan və Qazaxıstan komandaları arasında keçirilən matçda ilk gedişi edib.

Bu turda kişilərdən ibarət Azərbaycan millisi Argentina ilə, qadınlardan ibarət yığma isə Qazaxıstanla qarşılaşır.

Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan millisi səkkiz xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Qadınlardan ibarət komandamız isə 10 xalla dördüncü sıradadır.

12:11

Kişilərdən və qadınlardan ibarət Azərbaycan milli komandaları Ümumdünya Şahmat Olimpiadasının altıncı turunda keçirəcəkləri görüşlər üçün heyətlərini müəyyənləşdiriblər.

İdman.Biz xəbər verir ki, Özbəkistanın Səmərqənd şəhərində keçirilən yarışın altıncı turunda kişilərdən ibarət komandamız bu gün Argentina, qadınlardan ibarət yığmamız isə Qazaxıstanla qarşılaşacaq.

Kişilərdən ibarət Azərbaycan komandası reytinq baxımından favorit sayılmayan rəqibə qarşı görüşə ən güclü heyətlə çıxacaq. Komandanın lideri Şəhriyar Məmmədyarov da heyətdə yer alıb. O, əvvəlki turda özündən daha aşağı reytinqli şahmatçıya uduzsa da, bu dəfə istirahət etməyəcək. Qeyd edək ki, belə məğlubiyyətlərdən sonra şahmatçıya növbəti turda istirahət verilməsi halları da olur.

Xatırladaq ki, Azərbaycan yığması V turda Rumıniya ilə heç-heçə edib. Komandamız hazırda 8 xalla 12-ci pillədə qərarlaşıb.

Azərbaycan - Argentina matçının heyətləri:

Şəhriyar Məmmədyarov (2720) – Faustino Oro (2537)

Aydın Süleymanlı (2664) – Dieqo Flores (2590)

Məhəmməd Muradlı (2653) – Fernando Peralta (2553)

Rauf Məmmədov (2631) – Federiko Peres Ponsa (2541)

Qadınlardan ibarət Azərbaycan yığmasında isə Qazaxıstanla görüş öncəsi gözlənilməz dəyişiklik baş verib. Güclü rəqibə qarşı keçiriləcək matçda komandanın lideri Ülviyyə Fətəliyeva iştirak etməyəcək.

Qeyd edək ki, Qazaxıstanın dörd şahmatçısından üçü reytinq baxımından Azərbaycan təmsilçilərini qabaqlayır. Fətəliyeva əvvəlki turda heç-heçə edib. Azərbaycan komandası isə Serbiyanı 3:1 hesabı ilə məğlub edib.

Yığmamızın hesabında 10 xal var və komanda turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Azərbaycan - Qazaxıstan matçının cütlükləri:

Gövhər Beydullayeva (2392) – Bibisara Assaubayeva (2536)

Günay Məmmədzadə (2351) – Alua Nurman (2455)

Xanım Balacayeva (2356) – Meruert Kamalidenova (2413)

Gülnar Məmmədova (2311) – Zarina Nurqaliyeva (2303).

09:13

Özbəkistanın Səmərqənd şəhərində 11 turdan ibarət İsveçrə sistemi ilə keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün altıncı turun görüşləri baş tutacaq.

İdman.Biz xəbər verir ki, Azərbaycan kişilərdən ibarət milli komandası Argentina yığması ilə üz-üzə gələcək. Qadınlardan ibarət komandamızın rəqibi isə Qazaxıstan olacaq.

Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Qeyd edək ki, əvvəlki turda kişilərdən ibarət yığmamız Rumıniya ilə 2:2 hesablı heç-heçə edib. Azərbaycan millisinin heyətində Rauf Məmmədov rəqibinə qalib gəlib. Şəhriyar Məmmədyarov məğlubiyyətlə üzləşib, Aydın Süleymanlı ilə Məhəmməd Muradlı isə partiyalarını heç-heçə başa vurublar.

Qadın komandamız isə Serbiyaya 3:1 hesabı ilə qalib gəlib. Günay Məmmədzadə və Xanım Balacayeva komandamıza tam xal qazandırıblar. Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva isə rəqibləri ilə xalları bölüşüblər.

Qeyd edək ki, kişi şahmatçılarımız əvvəlki turlarda Mərakeşi 4:0, Filippin və İsveçrəni 3:1 hesabı ilə üstələyib, Çexiya ilə görüşü isə 2:2 hesablı heç-heçə ilə başa vurublar. Qadın millimiz Qvatemala və Danimarka üzərində 4:0, İsveç və İngiltərə üzərində isə 2,5:1,5 hesablı qələbələr qazanıb.

11 turdan ibarət Ümumdünya Şahmat Olimpiadası sentyabrın 27-də yekunlaşacaq.

İdman.Biz