Azərbaycan Yunanıstanı darmadağın etdi və məğlubiyyətsiz seriyasını davam etdirir - SƏMƏRQƏNDDƏN İDMAN.BİZ + YENİLƏNİB + FOTO/VİDEO

23 Sentyabr 2026 19:30
726
Azərbaycan Yunanıstanı darmadağın etdi və məğlubiyyətsiz seriyasını davam etdirir - SƏMƏRQƏNDDƏN İDMAN.BİZ + YENİLƏNİB + FOTO/VİDEO

Azərbaycanın kişilərdən ibarət millisi Səmərqənddə (Özbəkistan) keçirilən Ümumdünya Şahmat Olimpiadasının yeddinci turunda böyük hesablı qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, azərbaycanlı şahmatçılar Yunanıstan komandasını 3,5:0,5 hesabı ilə böyük hesabla üstələyiblər.

Komandamızın heyətində qələbələri Aydın Süleymanlı, Məhəmməd Muradlı və Rauf Məmmədov qazanıblar. Birinci lövhədə millinin lideri Şəhriyar Məmmədyarov partiyasını heç-heçə ilə başa vurub.

Yunanıstan – Azərbaycan – 0,5:3,5

Nikolas Teodoru – Şəhriyar Məmmədyarov – 0,5:0,5

Dimitrios Mastrovasilis – Aydın Süleymanlı – 0:1

Stamatis Kurkulos-Arditis – Məhəmməd Muradlı – 0:1

Yoannis Papaioannu – Rauf Məmmədov – 0:1

Beləliklə, istirahət günündən sonra kişi komandamız Səmərqənddə qələbə seriyasını davam etdirib və hələ də məğlub olmayıb.

Xatırladaq ki, bazar ertəsi baş tutan altıncı turda azərbaycanlı şahmatçılar Argentinanı 2,5:1,5 hesabı ilə məğlub ediblər.

19:04

Azərbaycanın qadınlardan ibarət millisi Səmərqənddə (Özbəkistan) keçirilən Ümumdünya Şahmat Olimpiadasında ikinci məğlubiyyətlə üzləşib.

İdman.Biz xəbər verir ki, yeddinci turda azərbaycanlı şahmatçılar gərgin mübarizədə Ermənistan komandasına 1,5:2,5 hesabı ilə uduzublar.

Matçda hesab birinci lövhədə açılıb: burada Ülviyyə Fətəliyeva Lilit Mkrtçyana uduzub, lakin dördüncü lövhədə Gülnar Məmmədova Susanna Qaboyanı üstələyib. Ermənistan komandasına həlledici xal üçüncü lövhədə qazanılıb. Belə ki, Xanım Balacayeva təcrübəli Elina Danielyana uduzub. İkinci lövhədə Gövhər Beydullayeva Maryam Mkrtçyanla heç-heçə edib.

Bu, azərbaycanlı şahmatçılar üçün ardıcıl ikinci məğlubiyyətdir. Bir tur əvvəl onlar Qazaxıstana 1,5:2,5 hesabı ilə uduzmuşdular.

Bu arada, Azərbaycanın kişilərdən ibarət millisi matç hələ davam etməsinə baxmayaraq, artıq Yunanıstan komandası üzərində qələbəni təmin edib. Qələbələri müvafiq olaraq Yoannis Papaioannu və Dimitrios Mastrovasilisi üstələyən Rauf Məmmədov və Aydın Süleymanlı qazanıblar. Birinci lövhədə Şəhriyar Məmmədyarov partiyasını heç-heçə ilə başa vurub, Məhəmməd Muradlının iştirakı ilə partiya isə hələ də davam edir. Azərbaycan millisinin ümumi qələbəsi üçün Muradlının uduzmaması kifayətdir.

14:22

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında yeddinci turun oyunlarına başlayıblar.

İdman.Biz xəbər verir ki, kişilərdən ibarət milli Yunanıstan, qadınlardan ibarət yığma isə Ermənistan komandası ilə qarşılaşır.

13:44

İdman.Biz xəbər verir ki, Azərbaycanın kişi millisi bu gün Yunanıstan komandası ilə qarşılaşır, qadın millisi isə Ermənistan komandası ilə prinsipial matç keçirir. Azərbaycanın hər iki milli komandası yeddinci tur üçün ən güclü heyətlərini meydana buraxıb.

Yunanıstan - Azərbaycan

Nikolas Teodoru (2633) - Şəhriyar Məmmədyarov (2720)
Dimitrios Mastrovasilis (2525) - Aydın Süleymanlı (2664)
Stamatis Kurkulos-Arditis (2567) - Məhəmməd Muradlı (2653)
İoannis Papayoannu (2608) - Rauf Məmmədov (2631)

Ermənistan - Azərbaycan

Lilit Mkrtçyan (2353) - Ülviyyə Fətəliyeva (2402)
Mariam Mkrtçyan (2374) - Gövhər Beydullayeva (2392)
Elina Danielyan (2382) - Xanım Balacayeva (2356)
Susanna Qaboyan (2179) - Gülnar Məmmədova (2311)

Xatırladaq ki, altı turdan sonra Azərbaycanın kişi və qadın milliləri hərəyə 10 xal toplayıb və müvafiq olaraq 12-ci və 9-cu yerləri tuturlar.

09:49

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər.

İdman.Biz xəbər verir ki, kişilərdən ibarət yığma bu turda Yunanıstanla qarşılaşacaq.

Qadınlardan ibarət komandamız isə Ermənistan seçməsi ilə üz-üzə gələcək.

Altı turdan sonra Azərbaycan kişilərdən ibarət komandası 10 xalla 12-ci, qadınlardan ibarət yığma isə eyni xalla doqquzuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.

İdman.Biz