Azərbaycan şahmatçılarının Hindistan və Argentinaya qarşı heyəti açıqladı – YENİLƏNİB

24 Sentyabr 2026 10:32
294
Azərbaycan şahmatçılarının Hindistan və Argentinaya qarşı heyəti açıqladı – YENİLƏNİB

Azərbaycanın kişi və qadınlardan ibarət şahmat üzrə milli komandaları Özbəkistanın Səmərqənd şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının səkkizinci turu üçün heyətlərini açıqlayıb.

İdman.Biz xəbər verir ki, bu gün Azərbaycanın kişi şahmatçıları Olimpiadanın son qalibi Hindistanla, qadın şahmatçılar isə Argentina ilə qarşılaşacaq.

Kişilər arasında Azərbaycan millisi hazırkı yarışın əsas favoritlərindən biri ilə görüşdə ən güclü heyətini meydana çıxarıb. Hindistan bütün lövhələrdə reytinq baxımından Azərbaycan şahmatçılarından üstün olsa da, komandamızın müsbət nəticə qazanmaq şansı az deyil. Buna səbəb yığmanın sabit oyun nümayiş etdirməsi və kişilər arasında hələ də məğlub olmayan azsaylı komandalardan biri olmasıdır.

Hindistan – Azərbaycan

Rameşbabu Praqnanandha (2761) – Şəhriyar Məmmədyarov (2720)

Arçun Eriqaisi (2759) – Aydın Süleymanlı (2664)

Dommaracu Gukeş (2703) – Məhəmməd Muradlı (2653)

Vidit Santoş Qucrati (2697) – Rauf Məmmədov (2631)

İki ardıcıl məğlubiyyətdən sonra Azərbaycanın qadınlardan ibarət milli komandasının Argentina ilə görüşdə özünü toparlaması tələb olunur. Qələbə qazanacağı təqdirdə Azərbaycan şahmatçıları mükafatçılar sırasına düşmək şanslarını hələ də qoruyub saxlaya bilərlər.

Azərbaycan – Argentina

Ülviyyə Fətəliyeva (2402) – Kandela Fransisko Hekamburu (2268)

Gövhər Beydullayeva (2392) – Mariya Xose Kampos (2230)

Günay Məmmədzadə (2351) – Anapaola Borda Rodas (2204)

Gülnar Məmmədova (2311) – Anna Laura Skarsi (2212)

Xatırladaq ki, yeddi turdan sonra Azərbaycanın kişi şahmatçılardan ibarət milli komandası 12 xalla beşinci, qadınlardan ibarət komanda isə 10 xalla 14-cü pillədə qərarlaşıb.

09:08

Azərbaycan milliləri bu gün Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında səkkizinci tur görüşlərinə çıxacaqlar.

İdman.Biz xəbər verir ki, kişilərdən ibarət yığma bu turda Hindistanla qarşılaşacaq.

Qadınlardan ibarət komandamız isə Argentina seçməsi ilə üz-üzə gələcək.

Yeddinci turdan sonra Azərbaycan kişilərdən ibarət komandası 12 xalla beşinci, qadınlardan ibarət yığma isə 10 xalla 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.

İdman.Biz