Türkdilli ölkələr şahmatın inkişafı üçün yeni layihələrə start verir - FOTO

24 Sentyabr 2026 18:08
249
Türkdilli ölkələr şahmatın inkişafı üçün yeni layihələrə start verir

Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər regionda şahmatın inkişafı üçün silsilə layihələrə start verəcək.

İdman.Biz xəbər verir ki, bu barədə Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının iclasında qərar qəbul olunub.

Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının baş katibi İlahə Qədimovanın sədrliyi ilə keçirilən Baş Assambleyada qurumun 2030-cu ilə qədər inkişaf strategiyası müzakirə edilib. Strategiyaya ümumi şahmat akademiyasının yaradılması, yeni beynəlxalq turnirlərin təşkili, həmçinin məşqçi və hakimlərin peşəkar hazırlığı üçün proqramların həyata keçirilməsi daxildir.

Strategiyanın Türkdilli Ölkələrin Şahmat Akademiyası (Turkic Chess Academy) layihəsi çərçivəsində reallaşdırılması nəzərdə tutulur. Platforma üzv ölkələrin şahmat məktəblərinin təcrübəsini bir araya gətirəcək.

Akademiya çərçivəsində məşqçi və hakimlərin birgə hazırlanması, təcrübə mübadiləsi, seminarlar və təhsil proqramlarının keçirilməsi planlaşdırılır. Şahmat sahəsində rəqəmsallaşma texnologiyalarının tətbiqi və bu istiqamətdə mütəxəssis mübadiləsi də əsas prioritetlərdən olacaq.

Layihə çərçivəsində turnir təqviminin də əhəmiyyətli dərəcədə genişləndirilməsi nəzərdə tutulub. Assosiasiya daha çox komanda və fərdi yarışlar, eləcə də birgə təlim-məşq toplanışları təşkil etməyi hədəfləyir. Yeniyetmə şahmatçılar və veteranlar üçün xüsusi turnirlərin keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, Azərbaycanı iclasda Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov təmsil edib.

İdman.Biz