Azərbaycan və Ermənistan şahmatçılarının Səmərqənd Olimpiadasında ikinci qarşılaşması - FOTO

24 Sentyabr 2026 21:19
281
Azərbaycan və Ermənistan şahmatçılarının Səmərqənd Olimpiadasında ikinci qarşılaşması

Səmərqənddə (Özbəkistan) keçirilən Ümumdünya Şahmat Olimpiadasında Azərbaycan və Ermənistan şahmatçılarının ikinci qarşılaşması baş tutacaq.

İdman.Biz xəbər verir ki, şahmat Olimpiadasının doqquzuncu turunda Azərbaycanın kişi və qadın millilərinin rəqibləri müəyyənləşib.

Səkkizinci turda Hindistan komandası ilə heç-heçə edən Azərbaycanın kişilərdən ibarət millisi doqquzuncu turda Ermənistan seçməsi ilə qarşılaşacaq. Bu, Səmərqənddə azərbaycanlı və erməni şahmatçıların ikinci qarşılaşması olacaq. Daha əvvəl Azərbaycanın qadınlardan ibarət millisi Ermənistandan olan rəqiblərinə 1,5:2,5 hesabı ilə uduzmuşdu.

Səkkiz turdan sonra Azərbaycanın kişi komandasının aktivində 13 xal var və o, turnir cədvəlində beşinci yerdə qərarlaşıb.

Kişilərin yarışında doqquzuncu turdan əvvəl ikihakimiyyətlilik yaranıb – Özbəkistan və Almaniya hərəyə 14 xal toplayıblar, lakin əlavə göstəricilərə görə Özbəkistan şahmatçıları öndədir. Doqquzuncu turun mərkəzi matçı Özbəkistan və ABŞ millilərinin görüşü olacaq.

Ermənistan millisinin də aktivində 13 xal var, amma əlavə göstəricilərə görə doqquzuncu pillədədir. Eyni xala malik Özbəkistanın ikinci komandası 10-cudur.

Azərbaycanın qadınlardan ibarət millisi səkkizinci turda Argentina ilə heç-heçədən sonra 11 xal toplayıb və turnir cədvəlində 21-ci yeri tutur. Doqquzuncu turda azərbaycanlı şahmatçılar Çexiya millisi ilə oynayacaqlar.

Qadınların yarışında vahid lider aktivində 15 xal olan Çindir.

İdman.Biz