Azərbaycan qadın millisi Çexiyanı darmadağın etdi, kişilər ilk dəfə məğlub oldu - İDMAN.BİZ SƏMƏRQƏNDDƏN - YENİLƏNİB + VİDEO

25 Sentyabr 2026 19:49
1 084
Azərbaycan qadın millisi Çexiyanı darmadağın etdi, kişilər ilk dəfə məğlub oldu - İDMAN.BİZ SƏMƏRQƏNDDƏN

Azərbaycanın qadınlardan ibarət şahmat üzrə milli komandası Ümumdünya Şahmat Olimpiadasının doqquzuncu turunda Çexiya yığmasını darmadağın edib. Kişilərdən ibarət millimiz isə turnirdə ilk məğlubiyyətini alıb.

İdman.Biz xəbər verir ki, qadın millimiz Çexiya üzərində 4:0 hesablı “quru” qələbə qazanıb.

Komandamızın heyətində Ülviyyə Fətəliyeva, Gövhər Bəydullayeva, Günay Məmmədzadə və Xanım Balacayeva rəqiblərinə qalib gəliblər.

Kişilərdən ibarət milli komandamız isə Ermənistan yığmasına 1,5:2,5 hesabı ilə uduzub. Dördüncü lövhədə çıxış edən Rauf Məmmədov məğlub olub. Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı və Məhəmməd Muradlı isə partiyalarını heç-heçə ilə başa vurublar.

Qeyd edək ki, bu, Azərbaycan kişilərdən ibarət millisinin Səmərqənddə keçirilən Ümumdünya Şahmat Olimpiadasında ilk məğlubiyyətidir.

Doqquzuncu turun yekunlarına əsasən Azərbaycan yığmalarının turnir cədvəlindəki dəqiq mövqeyi günün bütün qarşılaşmaları başa çatdıqdan sonra bəlli olacaq.

18:52

Azərbaycanın qadınlardan ibarət şahmat üzrə milli komandası uğursuzluqlar zəncirindən sonra Səmərqənddə keçirilən Ümumdünya Şahmat Olimpiadasında qələbə qazanmağa yaxındır.

İdman.Biz xəbər verir ki, doqquzuncu turda bir matç hələ davam etsə də, Azərbaycan millisi Çexiya üzərində qələbəni təmin edib.

Komandamız hazırda 3:0 hesabı ilə öndədir. Ülviyyə Fətəliyeva, Gövhər Bəydullayeva və Günay Məmmədzadə rəqiblərinə qalib gəliblər.

Xanım Balacayeva ilə Çexiya şahmatçısı arasındakı partiya isə davam edir. Və şahmatçımız qarşılaşmada daha üstündür və böyük ehtimalla qələbə qazanacaq.

Azərbaycan və Ermənistanın kişilərdən ibarət milli komandaları arasındakı görüşdə isə hesab hələlik 0,5:0,5-dir. Yeganə başa çatan partiyada birinci lövhədə Şəhriyar Məmmədyarov Hayk Martirosyanla heç-heçə edib.

17:50

Azərbaycanın kişilərdən ibarət şahmat millisi Ümumdünya Şahmat Olimpiadasının doqquzuncu turunda Ermənistanla mübarizəni davam etdirir.

İdman.Biz xəbər verir ki, hazırda dörd lövhənin hamısında partiyalar davam edir. Şəhriyar Məmmədyarov Hayk Martirosyanla, Aydın Süleymanlı Robert Hovhannisyanla, Məhəmməd Muradlı Şant Sarkisyanla, Rauf Məmmədov isə Qabriel Sarkisyanla qarşılaşır.

@idman.biz

Azərbaycan - Ermənistan qarşılaşması davam edir

♬ original sound - Idman və Biz

Görüşün yekun nəticəsi bütün partiyalar başa çatdıqdan sonra müəyyənləşəcək.

14:24

Azərbaycanın kişi və qadın şahmat milliləri Ümumdünya Şahmat Olimpiadasının doqquzuncu turunda mübarizəyə başlayıblar.

İdman.Biz xəbər verir ki, kişilərdən ibarət yığmamız Ermənistan komandası ilə, qadınlardan ibarət milli isə Çexiya seçməsi ilə qarşılaşır.

Azərbaycan – Ermənistan görüşündə Şəhriyar Məmmədyarov Hayk Martirosyanla, Aydın Süleymanlı Robert Hovhannisyanla, Məhəmməd Muradlı Şant Sarkisyanla, Rauf Məmmədov isə Qabriel Sarkisyanla üz-üzə gəlib.

Xüsusilə Şəhriyar Məmmədyarov ilk gedişlərdən sonra vaxtaşırı kənara baxmağa başlayıb. Bu isə oynanılan mövqenin ona yaxşı tanış olduğuna işarə edə bilər.

@idman.biz

Azərbaycanın kişi millisi Ermənistanla qarşılaşır #shahmat

♬ оригинальный звук - Idman və Biz

Qadınların yarışında isə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Günay Məmmədzadə və Xanım Balacayeva mübarizə aparırlar.

Qeyd edək ki, doqquzuncu tur öncəsi Azərbaycan kişilərdən ibarət komandası 13 xalla beşinci, qadın millisi isə 11 xalla 21-ci pillədə qərarlaşıb.

12:42

Azərbaycanın milli komandaları Özbəkistanın Səmərqənd şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının doqquzuncu turunda mübarizə aparacaq heyətlərini açıqlayıb.

İdman.Biz xəbər verir ki, bu turda Azərbaycanın kişi millisi Ermənistanla, qadınlardan ibarət komandamız isə Çexiya ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan və Ermənistan yığmaları görüşə ən güclü heyətlə çıxacaqlar. Azərbaycan millisi beşinci turdan etibarən heç bir dəyişiklik etmədən mübarizə aparır. Ermənistan isə əvvəlki turda Niderlandla (2:2) qarşılaşmada dördüncü lövhədə çıxış edən şahmatçısına istirahət verib.

Azərbaycan millisi də əvvəlki turda heç-heçə edib. Komandamız reytinq baxımından daha güclü olan və hazırkı olimpiya çempionu Hindistanla 2:2 hesablı heç-heçəyə razılaşıb.

Həmçinin Azərbaycan şahmatçılarının hər dörd lövhədə reytinq baxımından Ermənistan təmsilçilərindən üstün olduğu diqqət çəkir. Bununla belə, komanda yarışlarında reytinq fərqinin fərdi turnirlərdə olduğu qədər həlledici olmadığı qeyd olunur.

Azərbaycan – Ermənistan

Şəhriyar Məmmədyarov (2720) – Hayk Martirosyan (2664)

Aydın Süleymanlı (2664) – Robert Hovhannisyan (2642)

Məhəmməd Muradlı (2653) – Şant Sarkisyan (2630)

Rauf Məmmədov (2631) – Qabriel Sarkisyan (2610)

Qadınlardan ibarət Azərbaycan millisinin heyətində isə dəyişiklik edilib. Argentina ilə əvvəlki turda 2:2 hesablı heç-heçə edən komandamızın heyətində Gülnar Məmmədovanı Xanım Balacayeva əvəzləyəcək.

Çexiya – Azərbaycan

Nataşa Rixterova (2194) – Ülviyyə Fətəliyeva (2402)

Anna Lqotska (2149) – Gövhər Beydullayeva (2392)

Lusiya Rıbaçkova (2088) – Günay Məmmədzadə (2351)

Tereza Rodşteyn (2125) – Xanım Balacayeva (2356)

Xatırladaq ki, kişi millimiz doqquzuncu tur öncəsi 13 xalla turnir cədvəlində 5-ci, qadın komandamız isə 11 xalla 21-ci pillədə qərarlaşıb.

09:25

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün doqquzuncu tur görüşlərinə çıxacaqlar.

İdman.Biz xəbər verir ki, kişilərdən ibarət yığma bu turda Ermənistan komandası ilə qarşılaşacaq.

Qadınlardan ibarət milli isə Çexiya seçməsi ilə üz-üzə gələcək.

Səkkizinci turdan sonra Azərbaycan kişilərdən ibarət komandası 13 xalla beşinci, qadınlardan ibarət yığma isə 11 xalla 21-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq.

İdman.Biz