Azərbaycan və Ermənistan kişi şahmatçılarının Səmərqənddə keçirilən Ümumdünya Şahmat Olimpiadasının doqquzuncu turunda baş tutacaq qarşılaşması komanda şahmatında prinsipial rəqabətin növbəti səhifəsi olacaq.
İdman.Biz xəbər verir ki, Özbəkistandakı görüşə qədər komandalar klassik vaxt nəzarəti ilə keçirilən əsas rəsmi komanda yarışlarında - Şahmat Olimpiadalarında, Avropa və dünya komanda çempionatlarında 16 dəfə üz-üzə gəliblər.
Ümumi statistikada demək olar ki, tam bərabərlik hökm sürür. Azərbaycan altı, Ermənistan isə beş qələbə qazanıb, daha beş görüş heç-heçə başa çatıb. Beləliklə, komanda nəticələrinə görə cüzi üstünlük Azərbaycan millisindədir.
Lakin lövhələrdə toplanan xalların ümumi sayında Ermənistan öndədir – 32,5:31,5. Keçirilən 64 partiyada Azərbaycan şahmatçıları 12, Ermənistan təmsilçiləri isə 13 qələbə qazanıb. Daha 39 partiya heç-heçə başa çatıb.
Şahmat Olimpiadalarında rəqiblər dörd dəfə qarşılaşıblar. Burada komandaların qələbələrinin sayı bərabərdir - 2:2. Lövhələrdə toplanan xallarda isə Ermənistanın cüzi üstünlüyü var - 8,5:7,5.
Daha 9 görüş Avropa komanda çempionatlarının payına düşür. Burada da tam bərabərlik qeydə alınıb – hər iki komandanın üç qələbəsi var, üç qarşılaşma heç-heçə başa çatıb. Partiyalarda isə Ermənistan cəmi bir xal öndədir – 18,5:17,5.
Dünya komanda çempionatlarında isə üstünlük Azərbaycandadır. Üç görüşdən birində Azərbaycan qələbə qazanıb, digər iki qarşılaşma heç-heçə başa çatıb. Lövhələr üzrə hesab 6,5:5,5-dir.
Son 15 ilin statistikası da xüsusi diqqət çəkir. 2010-cu ilə qədər üstünlük Ermənistan tərəfində olub. İlk dörd qarşılaşmada Azərbaycan qələbə qazana bilməyib: bir görüş heç-heçə başa çatıb, üçündə isə Ermənistan qalib gəlib. Həmin oyunlarda lövhələr üzrə hesab 5,5:10,5 olub.
Lakin 2010-cu ildən etibarən vəziyyət nəzərəçarpacaq dərəcədə dəyişib. Növbəti 12 görüşdə Azərbaycan altı qələbə qazanıb, Ermənistan iki dəfə qalib gəlib, daha dörd qarşılaşma heç-heçə başa çatıb. Lövhələrdə toplanan xalların hesabında da Azərbaycan öndədir - 26:22.
Beləliklə, ümumi tarixi balans demək olar ki, bərabər olsa da, daha uzun müasir dövrdə Azərbaycan millisinin bu rəqabətdə nəticələrini yaxşılaşdırdığı görünür.
Bununla yanaşı, son illərin nəticələri də qarşıdurmanın kifayət qədər gərgin keçdiyini göstərir. 2017-2025-ci illər arasında keçirilən altı görüşdə Azərbaycan üç, Ermənistan iki qələbə qazanıb, bir qarşılaşma isə heç-heçə başa çatıb. Lövhələr üzrə xalların sayında isə tam bərabərlik var - 12:12.
Son 3 qarşılaşma da müxtəlif nəticələrlə yadda qalıb. 2021-ci ildə komandalar 2:2 hesablı heç-heçə edib, 2022-ci ildə Ermənistan 3:1 hesabı ilə qalib gəlib, 2025-ci ildə isə Azərbaycan 2,5:1,5 hesablı qələbə ilə revanş alıb.
Beləliklə, Səmərqənddəki növbəti görüş öncəsi Azərbaycan komanda qələbələrinin sayında Ermənistanı 6:5 hesabı ilə qabaqlayır. 2010-cu ildən sonrakı statistika isə millimizin bu rəqabətdə nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını göstərir.
