Şahmat üzrə Azərbaycanın kişi və qadın yığmaları Samarqənddə keçirilən Ümumdünya Şahmat Olimpiadasında ilk onluğun astanasında yer alıblar.
İdman.Biz xəbər verir ki, doqquzuncu turda Azərbaycanın kişi yığması Ermənistan komandasına 1,5:2,5 hesabı ilə məğlub olub, qadın yığması isə Çexiya üzərində 4:0 hesablı qələbə qazanıb.
Turun mərkəzi matçında Özbəkistan yığması turnirin reytinq-favoriti olan ABŞ komandasına 2,5:1,5 hesabı ilə qalib gəlib. Eyni hesabla Hindistan Almaniyanı, Fransa isə Çini üstələyib. Özbəkistanın ikinci yığması Niderlandla 2:2 hesablı heç-heçə edib.
Beləliklə, sona iki tur qalmış Azərbaycan millisi 13 xalla 11–22-ci yerləri bölüşdürür və əlavə göstəricilərə görə 12-ci pillədə qərarlaşıb. Turnir cədvəlinə 16 xalla Özbəkistan başçılıq edir. Hindistan, Özbəkistan-2 və Ermənistan 15 xalla ikinci, üçüncü və dördüncü yerləri tuturlar. Çin, Almaniya, Fransa, İspaniya, Ukrayna və Macarıstan isə 14 xalla beşincidən onuncuya qədər sıralanırlar.
Onuncu turda Azərbaycan yığması 13 xal toplayan və əlavə göstəricilərə görə 19-cu yerdə qərarlaşan Bolqarıstanla qarşılaşacaq.
Qeyd edək ki, Bolqarıstan yığmasının lideri Azərbaycan millisinin keçmiş şahmatçısı Arkadi Naydiçdir. O, Azərbaycan millisinin heyətində 2015-2018-ci illərdə çıxış edib və 2017-ci ildə komandamızla birlikdə Avropa çempionu olub. 2019-cu ildən Azərbaycan millisində çıxış etməyən Naydiç 2024-cü ildə Bolqarıstan Şahmat Federasiyasına keçənədək Azərbaycan federasiyasını təmsil edib.
Azərbaycanın qadın yığması isə 13 xalla səkkizinci tura qədər tutduğu 14-cü yerə qayıdıb. Qadınların yarışında 17 xalla Çin liderdir. Hindistan, Qazaxıstan və Monqolustan 15 xalla müvafiq olaraq ikinci, üçüncü və dördüncü yerləri tuturlar.
Onuncu turda Azərbaycanın qadın şahmatçıları 13 xalla 19-cu sırada qərarlaşan Sloveniya yığması ilə qarşılaşacaqlar.
