Muradlı Özbəkistandakı Olimpiadada Azərbaycan millisinə Bolqarıstan üzərində qələbə qazandırdı - İDMAN.BİZ SƏMƏRQƏNDDƏN - YENİLƏNİB

26 Sentyabr 2026 19:26
792
Muradlı Özbəkistandakı Olimpiadada Azərbaycan millisinə Bolqarıstan üzərində qələbə qazandırdı - İDMAN.BİZ SƏMƏRQƏNDDƏN

Kişilərdən ibarət Azərbaycan şahmat millisi Özbəkistanda keçirilən Ümumdünya Şahmat Olimpiadasının sondan əvvəlki turunda Bolqarıstan üzərində qələbə qazanıb.

İdman.Biz xəbər verir ki, Səmərqənddə keçirilən turnirin 10-cu turunda millimiz Bolqarıstanla qarşılaşıb və 2,5:1,5 hesabı ilə qalib gəlib.

Azərbaycan millisinin heyətində yeganə qələbəni üçüncü lövhədə ağ fiqurlarla Kirill Georgiyevi məğlub edən Məhəmməd Muradlı qazanıb. Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı və Eltac Səfərlinin partiyaları isə heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, birinci lövhədə Məmmədyarov 2015-2018-ci illərdə Azərbaycan millisində çıxış etmiş Arkadi Naydiçlə heç-heçə edib.

Bu arada, Azərbaycanın qadınlardan ibarət milli komandası turnirin sonuna doğru uğursuz nəticə göstərib. 10-cu turda şahmatçılarımız Sloveniyaya 0,5:3,5 hesabı ilə məğlub olublar.

Millimizin heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Gülnar Məmmədova partiyalarını uduzublar. Günay Məmmədzadə isə komandaya yeganə yarım xalı qazandırıb.

Kişilərdən ibarət millimizin müəyyən şərtlər daxilində son turda qələbə qazanacağı təqdirdə Olimpiadanın mükafatçıları sırasına düşmək şansı qalır. Qadın komandası isə ilk onluğa düşmək imkanını itirib. Millilərimizin 10-cu turdan sonrakı dəqiq mövqeyi bütün görüşlər başa çatdıqdan sonra müəyyənləşəcək.

Son turun oyunları sentyabrın 27-də Bakı vaxtı ilə saat 10:00-da başlayacaq.

12:06

Azərbaycan yığmaları Özbəkistanın Səmərqənd şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasının 10-cu turu üçün heyətlərini açıqlayıb.

İdman.Biz xəbər verir ki, kişilər arasında Azərbaycan şahmatçıları bu gün Bolqarıstan komandası ilə, qadınlardan ibarət yığmamız isə Sloveniya ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan kişilərdən ibarət millisinin heyətində əvvəlki tura nisbətən dəyişiklik baş verib. Dördüncü lövhədə Rauf Məmmədovun əvəzinə Eltac Səfərli oynayacaq.

Bildirək ki, Bolqarıstan yığmasının heyətində birinci lövhədə Azərbaycan millisinin sabiq üzvü Arkadi Naydıç mübarizə aparacaq. O, 2015-2018-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edib. 2024-cü ildə isə Naydıç idman vətəndaşlığını dəyişərək Bolqarıstanı təmsil etməyə başlayıb.

Azərbaycan – Bolqarıstan

Şəhriyar Məmmədyarov (2720) – Arkadi Naydıç (2574)
Aydın Süleymanlı (2664) – Martin Petrov (2528)
Məhəmməd Muradlı (2653) – Kiril Georgiyev (2520)
Eltac Səfərli (2616) – Radoslav Dimitrov (2475)

Azərbaycan qadınlardan ibarət yığmasının heyətində də əvvəlki tura nisbətən dəyişiklik edilib. Xanım Balacayevanın əvəzinə Gülnar Məmmədova yenidən lövhə arxasına keçib.

Azərbaycan – Sloveniya

Ülviyyə Fətəliyeva (2402) – Laura Unuk (2301)
Gövhər Beydullayeva (2392) – Zala Urx (2208)
Günay Məmmədzadə (2351) – Anya Beber (2272)
Gülnar Məmmədova (2311) – Vesna Miheliç (2152)

Xatırladaq ki, Azərbaycan kişilərdən ibarət yığması 13 xalla 12-ci, qadın komandası isə eyni xalla 14-cü pillədə qərarlaşıb. Kişilər arasında 16 xalla Özbəkistan vahid liderdir. Qadınların yarışında isə 17 xala malik Çin komandası turnir cədvəlinə başçılıq edir.

09:52

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün 10-cu tur görüşlərinə çıxacaqlar.

İdman.Biz xəbər verir ki, kişilərdən ibarət yığma bu turda Bolqarıstan seçməsi ilə qarşılaşacaq.

Qadınlardan ibarət komandamız isə Sloveniya ilə üz-üzə gələcək.

Doqquz turdan sonra kişilərdən ibarət millimiz 13 xalla 11-22-ci pillələri bölüşür. Əlavə göstəricilərə əsasən, Azərbaycan komandası turnir cədvəlində 12-ci sıradadır. Özbəkistan 16 xalla liderdir. Hindistan, Özbəkistan-2 və Ermənistan isə 15 xalla 2-4-cü yerləri bölüşürlər.

Qadınlardan ibarət yığmamız 13 xalla 14-cü pillədə qərarlaşıb. Çin 17 xalla liderdir. Hindistan, Qazaxıstan və Monqolustan komandalarının hərəyə 15 xalı var.

Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət olan 46-cı Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 27-də yekun vurulacaq.

İdman.Biz