Azərbaycan şahmat millisinin üzvü Rauf Məmmədov Səmərqənddə keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında komandanın çıxışını dəyərləndirib.
İdman.Biz-in Özbəkistana ezam olunmuş əməkdaşına açıqlama verən təcrübəli qrossmeyster Rauf Məmmədov ilk növbədə komanda yoldaşlarına və kapitana təşəkkür edib.
“Bu gün sonuncu gündür. İlk növbədə komanda yoldaşlarıma çox sağ ol demək istəyirəm. Kapitanımıza da təşəkkür edirəm ki, komandada yaxşı ab-hava var. Aydın Süleymanlıya, Məhəmməd Muradlıya ayrıca təşəkkür etmək istəyirəm. Onlar çıxdıqları oyunların hamısında gərgin mübarizə apardılar. 11 oyunun hamısında oynamaq çox çətin bir şeydir. Mən özüm yeddi oyunda çıxış etdim. Şəhriyar Məmmədyarov da lider kimi 10 oyunda mübarizə apardı. Düzdür, hər oyun çətindir, amma hesab edirəm ki, son oyunu da udsaq, pis olmaz”, - deyə Məmmədov bildirib.
Qeyd edək ki, Azərbaycanın kişi millisi son tur ərəfəsində 15 xalla yeddinci pillədə qərarlaşıb və bürünc medal şansını qoruyur. Komanda Serbiya ilə qarşılaşır.
Rauf Məmmədov qadınlardan ibarət Azərbaycan millisinin çıxışına da toxunub:
“Qadınların oyunu barədə danışsaq, onu deyə bilərəm ki, yarışa yaxşı başlamışdılar - beşdə beş. Sonra bir qədər çətinlik yaşadılar. Amma məncə, millimiz gəncdir və inanıram ki, gələn olimpiadalarda daha yaxşı çıxış edəcəklər”.
Qadın millisi isə son turda İranla üz-üzə gəlir.
Rauf Məmmədov sonda komandanın əsas hədəfini vurğulayıb:
“Olimpiadada bizə medal lazımdır, hamımız bunu gözləyirik”.
Araz Xəlilli
