Mahir Məmmədov texniki qələbədən imtina edən şahmatçını mükafatlandırdı

28 Sentyabr 2026 16:31
238
Mahir Məmmədov texniki qələbədən imtina edən şahmatçını mükafatlandırdı

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov Sinqapur qrossmeysteri Tinq Cinyaoya Svetozar Qliqoriç mükafatını təqdim edib.

İdman.Biz xəbər verir ki, mərasim 46-cı Ümumdünya Şahmat Olimpiadasının sonuncu günündə Səmərqənddə keçirilib. Tinq Cinyao FIDE tərəfindən dürüst oyun, rəqibə hörmət və idman nəcibliyi nümunəsi olan hərəkətlərə görə təqdim edilən “Svetozar Qliqoriç Trophy 2026” mükafatının laureatlarından biri olub.

Tinq Cinyaonun mükafatlandırılmasına səbəb 2025-ci ildə Qazaxıstanda keçirilən “Almaty Region Open – Qonaev Cup” turnirində baş vermiş qeyri-adi hadisə olub.

Turnirin altıncı turunda Sinqapur qrossmeysterinin rəqibi, qazaxıstanlı şahmatçı Azamat Uteqaliyev ciddi avtomobil tıxacları səbəbindən partiyaya gecikib. O, yarışın qaydalarında nəzərdə tutulan gözləmə müddəti başa çatdıqdan sonra turnirə gəlib. Buna görə Tinqin texniki qələbə tələb etmək və ümumiyyətlə şahmat taxtası arxasına əyləşmədən xal qazanmaq hüququ var idi.

Lakin qrossmeyster bu vəziyyətdən istifadə etməkdən imtina edib və partiyanı keçirməyə razılaşıb. Nəticədə qara fiqurlarla oynayan Tinq Cinyao yenə də Uteqaliyevə qalib gəlib. Altı turdan sonra Sinqapur şahmatçısının hesabında dörd xal olub. Turnirin yekununda isə o, altı xalla doqquzuncu yeri tutub.

Mükafatı laureata Azərbaycan Şahmat Federasiyasının rəhbəri Mahiri Məmmədov təqdim edib.

O, Səmərqənddə keçirilən seçkilərdən sonra FIDE-nin vitse-prezidenti vəzifəsinə yenidən seçilib. Qeyd edək ki, azərbaycanlı funksioner Svetozar Qliqoriç mükafatının təqdim edilməsi üzrə FIDE-nin xüsusi komissiyasına rəhbərlik edir. Komissiyanın tərkibinə məşhur qrossmeysterlər Yudit Polqar və Euxenio Torre də daxildir.

Qeyd etmək lazımdır ki, Svetozar Qliqoriç mükafatı FIDE tərəfindən 2019-cu ildə təsis edilib və adını 1950–1960-cı illərdə dünyanın ən güclü şahmatçılarından biri hesab olunan məşhur Yuqoslaviya qrossmeysteri Svetozar Qliqoriçin şərəfinə daşıyır. O, rəqiblərinə hörmətlə yanaşması ilə tanınırdı.

Mükafat idman nəcibliyinin, “fair-play” prinsiplərinin təbliğinin, etik dəyərlərə, dürüstlüyə və şahmatda yüksək davranış standartlarına dəstəyin görkəmli nümunələrinə görə təqdim olunur.

Svetozar Qliqoriç Trophy mükafatının ilk sahibi isə 16-cı dünya çempionu Maqnus Karlsen olub. Norveçli şahmatçı “Chessable Masters” onlayn turnirində Dinq Lirənlə bağlı baş verən hadisədən sonra mükafata layiq görülüb. Çinli şahmatçı internet bağlantısındakı problem səbəbindən partiyanı uduzub. Bundan sonra Karlsen növbəti görüşdə könüllü şəkildə vəzirini rəqibinə verib və cəmi dörd gedişdən sonra təslim olub. Bununla da o, matçda hesabı faktiki olaraq bərabərləşdirib.

İdman.Biz