Şahmatçılarımız unikal göstərici ilə Olimpiadanın bütün iştirakçılarını geridə qoyublar – İDMAN.BİZ-in İCMALI

30 Sentyabr 2026 16:06
234
Şahmatçılarımız unikal göstərici ilə Olimpiadanın bütün iştirakçılarını geridə qoyublar – İDMAN.BİZ-in İCMALI

Azərbaycanın kişilərdən ibarət şahmat millisi Səmərqənddə keçirilən Ümumdünya Şahmat Olimpiadasında statistik göstəricilərdən birinə görə bütün iştirakçıları geridə qoyub.

İdman.Biz xəbər verir ki, nüfuzlu şahmat portalı “Chess.com” dünyanın ən böyük komanda turnirinin yekunlarını hazırlayarkən bu məqama diqqət çəkib.

Olimpiadanın 13 əsas nəticəsinə həsr olunan materialda Azərbaycan millisinin çıxışına ayrıca bölmə ayrılıb. “Azerbaijan Lost The Fewest Games” (“Azərbaycan ən az partiya uduzub”) adlı bölmədə yığmamızın turnirdəki nəticəsi xüsusi vurğulanıb.

Komandamız 11 tur ərzində 44 fərdi partiya keçirib və cəmi iki məğlubiyyət alıb. “Chess.com” bunun Olimpiadanın açıq turnirində iştirak edən bütün komandalar arasında ən aşağı göstərici olduğunu qeyd edib.

Azərbaycan millisinin kapitanı Teymur Rəcəbov da yarış başa çatdıqdan sonra bu statistikaya diqqət çəkib. O, “X” sosial şəbəkəsindəki paylaşımında komandamızın ilk beşliyə daxil olduğunu və bütün turnir ərzində cəmi iki partiyada məğlubiyyət aldığını bildirib və belə göstəricinin bu səviyyəli komanda yarışları üçün nadir olduğunu vurğulayıb.

Nüfuzlu portal da bu statistikanı ayrıca yoxlayaraq açıq turnirdə iştirak edən heç bir digər yığmanın Olimpiadanı daha az fərdi məğlubiyyətlə başa vurmadığını bildirib.

Azərbaycan millisində yeganə məğlubiyyətləri Şəhriyar Məmmədyarov və Rauf Məmmədov alıblar. Bununla yanaşı, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli Olimpiadanı məğlubiyyətsiz başa vurublar.

Xüsusilə Muradlı və Süleymanlı fərqləniblər. Onlar 11 turun hamısında əvəzlənmədən mübarizə aparıblar. Muradlı 11 mümkün xaldan 8-ni, Süleymanlı isə 7,5 xal toplayıb.

Ümumilikdə Azərbaycan şahmatçıları 15 qələbə qazanıb, 27 partiyanı heç-heçə ilə başa vurub və cəmi 2 dəfə rəqiblərinə uduzublar.

Şahmat portalı nəticənin digər tərəfinə də diqqət çəkib. Qeyd olunub ki, fərdi məğlubiyyətlərin minimum sayda olmasına baxmayaraq, komandanın üç matçda heç-heçə etməsi Azərbaycan millisinin yekun turnir cədvəlində daha yüksək pilləyə qalxmasına imkan verməyib.

Xatırladaq ki, Azərbaycanın kişilərdən ibarət millisi Ümumdünya Şahmat Olimpiadasını 17 xalla 5-ci pillədə başa vurub. Bununla da yığmamız tarixində bu turnirdəki ən yaxşı nəticəsini təkrarlayıb. Azərbaycan daha əvvəl 2014-cü ildə Norveçin Tromse şəhərində keçirilən Olimpiadada da 5-ci yeri tutub.

İdman.Biz