Lider “Vüqar Həşimov” və “Odlar Yurdu”nun Avropa Kubokunda növbəti rəqibləri müəyyənləşdi - YENİLƏNİB

19 Oktyabr 2026 12:30
454
Lider “Vüqar Həşimov” və “Odlar Yurdu”nun Avropa Kubokunda növbəti rəqibləri müəyyənləşdi - YENİLƏNİB

Monteneqronun Budva şəhərində şahmat üzrə klublararası Avropa Kuboku davam edir. Üçüncü turda kişilər arasında mübarizə aparan “Vüqar Həşimov” yerli “Buduçnost” klubu ilə, qadınlardan ibarət “Odlar Yurdu” isə Bosniya və Herseqovinanın “Napredak Zenitsa” komandası ilə qarşılaşacaq.

İdman.Biz yarışın təşkilatçılarının rəsmi məlumatlarına istinadən xəbər verir ki, iki turdan sonra “Vüqar Həşimov” dörd komanda xalı ilə açıq turnirin vahid lideridir.

Azərbaycan təmsilçisi yarışa Niderlandın “Vurden” klubunu 6:0 hesabı ilə məğlub edərək başlayıb. İkinci turda isə Belçikanın SDP Wachtebeke komandası eyni hesabla məğlubiyyətə uğradılıb.

Beləliklə, “Vüqar Həşimov”un şahmatçıları ilk iki turda keçirdikləri 12 partiyanın hamısında qalib gələrək heç bir fərdi xal itirməyiblər. Aydın Süleymanlı, Riad Səmədov, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov və Kənan Qarayev hərəyə iki qələbə qazanıblar.

Komandamızın növbəti rəqibi “Buduçnost” da ilk iki görüşünü qələbə ilə başa vurub. Dörd komanda xalı olan Monteneqro təmsilçisi turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. Beləliklə, üçüncü turda indiyədək məğlubiyyətlə üzləşməmiş iki kollektiv qarşılaşacaq.

Qadınların yarışında “Odlar Yurdu” ilk turda İsveçin Wasa SK klubunu 4:0 hesabı ilə məğlub edib. İkinci turda isə Azərbaycan komandası turnirin əsas favoritlərindən və son çempionu olan “Monte-Karlo”ya 1:3 hesabı ilə uduzub.

Həmin görüşdə Ülviyyə Fətəliyeva Aleksandra Qoryaçkina ilə, Xanım Balacayeva isə Elizabet Petslə heç-heçə edib. Gövhər Beydullayeva Hampi Koneruyə, Günay Məmmədzadə isə Stavrula Tsolakiduya məğlub olub.

İki turdan sonra “Odlar Yurdu”nun aktivində iki komanda xalı var.

Növbəti turda təmsilçimizin rəqibi olacaq Bosniya və Herseqovinanın “Napredak Zenitsa” komandası yarışa Litvanın “Klaypeda” klubu üzərində 4:0 hesablı qələbə ilə başlayıb. İkinci turda isə “Velikova” ilə 2:2 hesablı heç-heçə edib. Bosniya klubunun hesabında üç komanda xalı var.

Üçüncü turun görüşləri oktyabrın 19-da keçiriləcək. Partiyalar Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Budvada təşkil olunan 41-ci açıq və 30-cu qadınlararası Avropa Klublar Kuboku oktyabrın 17-dən 23-dək davam edəcək. Yarışda rekord sayda — 130 komanda iştirak edir. Onlardan 108-i açıq, 22-si qadınların turnirində mübarizə aparır. Qaliblər İsveçrə sistemi üzrə keçiriləcək yeddi turun yekununda müəyyənləşəcəklər.

09:13

Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə klublararası Avropa Kubokunun ikinci turunda Azərbaycanın qadınlardan ibarət “Odlar Yurdu” komandası məğlubiyyətlə üzləşib.

İdman.Biz xəbər verir ki, təmsilçimiz turnirin son qalibi, Monakonun “Cercle d'Echecs de Monte-Carlo” klubuna 1:3 hesabı ilə uduzub.

Rəqib komandanın heyətində Hampi Koneru Gövhər Beydullayevaya, Stavrula Tsolakidu isə Günay Məmmədzadəyə qalib gəlib. Digər iki görüş heç-heçə başa çatıb.

Xatırladaq ki, “Odlar Yurdu” ilk turda İsveçin “Wasa SK” komandasını 4:0 hesabı ilə məğlub etmişdi.

Beləliklə, iki turdan sonra Azərbaycan təmsilçisinin aktivində bir qələbə və bir məğlubiyyət, ümumilikdə isə iki komanda xalı var.

Budvada keçirilən yarışda Avropanın aparıcı şahmat klubları mübarizə aparırlar.

İdman.Biz
Məqalədə: