Monteneqronun Budva şəhərində keçirilən şahmat üzrə Avropa Klublar Kubokunun dördüncü turu Azərbaycan komandaları üçün fərqli nəticələrlə yadda qalıb.
İdman.Biz xəbər verir ki, kişilərin yarışında mübarizə aparan “Vüqar Həşimov” klubu Rumıniyanın “SuperChess Romania” komandasına 2:4 hesabı ilə məğlub olub.
Buna baxmayaraq, Azərbaycan təmsilçisinin heyətində Aydın Süleymanlı diqqətçəkən qələbə qazanıb. O, dünya reytinqinin ilk beşliyində qərarlaşan özbəkistanlı qrossmeyster Nodirbek Abdusattorovu məğlub edib. Lakin bu nəticə komandasını məğlubiyyətdən xilas etməyib.
Qadınların yarışında çıxış edən “Odlar Yurdu” isə Almaniyanın “Kölner Şahfroynde” klubuna 2,5:1,5 hesabı ilə qalib gəlib.
Dörd turdan sonra hər iki Azərbaycan komandası altı xal toplayıb. “Vüqar Həşimov” 12-ci, “Odlar Yurdu” isə altıncı pillədə qərarlaşıb.
Şəhriyar Məmmədyarovun çıxış etdiyi Türkiyənin “Bayegan Pendik” komandası yeddi xalla beşinci yerdədir.
Qeyd edək ki, İsveçrə sistemi üzrə yeddi turdan ibarət Avropa Klublar Kuboku oktyabrın 23-də başa çatacaq.
