“Shirvan Open 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi baş tutub - FOTO

21 Oktyabr 2026 13:07
257
“Shirvan Open 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi baş tutub - FOTO

Şirvan Olimpiya İdman Kompleksində “Shirvan Open 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyası məlumat yayıb.

“Azərbaycan Şahmat Turu”nun təqviminə uyğun olaraq təşkil edilən festivalda altı ölkəni təmsil edən 147 şahmatçı iştirak edir. Açılış mərasimindən əvvəl Şirvan şəhərinin mərkəzi meydanında ucalan Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Festivalın açılış mərasimində iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov və festivalın direktoru Radin Tağıyev qonaqları və yarış iştirakçılarını salamlayaraq şahmatçılara uğurlar arzulayıb. Çıxışlarda bu cür beynəlxalq yarışların şahmatın inkişafı, xüsusilə regionda şahmatın daha geniş təbliği, eləcə də müxtəlif ölkələrdən olan şahmatçılar arasında təcrübə mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Daha sonra yarışın baş hakimi Şaiq Quliyev turnirin reqlamenti barədə məlumat verib və birinci tura start verilib. Festival oktyabrın 26-da yekunlaşacaq.

İdman.Biz