Azərbaycan şahmatçıları Avropa Klub Kubokunda qızıl və bürünc medal qazandı - FOTO

24 Oktyabr 2026 15:13
274
Azərbaycan şahmatçıları Avropa Klub Kubokunda qızıl və bürünc medal qazandı - FOTO

Azərbaycan şahmatçıları Gülnar Məmmədova və Aydın Süleymanlı Monteneqronun Budva şəhərində keçirilən Avropa Klub Kubokunda fərdi medallar qazanıblar.

İdman.Biz Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, qadınların yarışında “Odlar Yurdu” klubunu təmsil edən Gülnar Məmmədova dördüncü lövhədə qızıl medal əldə edib.

“Vüqar Həşimov” klubunda çıxış edən Aydın Süleymanlı isə kişilərin yarışında birinci lövhədə bürünc medala layiq görülüb.
Komandaların ümumi sıralamasında “Vüqar Həşimov” 10 xal toplayaraq 10-cu yeri tutub.

Qadınların yarışında Azərbaycanın “Odlar Yurdu” və Serbiyanın “Sirmium Sremska Mitrovitsa” klubları hərəyə 10 xal toplayaraq üçüncü və dördüncü yerləri bölüşüblər. Lakin əlavə göstəricilərə görə Azərbaycan təmsilçisi dördüncü pillədə qərarlaşıb və komanda medalını qazanmaq fürsətini əldən verib.

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun çıxış etdiyi Türkiyənin “Baegan Pendik” klubu isə Avropa Klub Kubokunun qalibi olub.

Beləliklə, Azərbaycan şahmatçıları turniri lövhələr üzrə iki fərdi medalla - bir qızıl və bir bürünc mükafatla başa vurublar. Şəhriyar Məmmədyarov isə təmsil etdiyi klubla komanda çempionluğu sevinci yaşayıb.

İdman.Biz