Aydın Süleymanlı elit “2700” klubuna yaxınlaşdı: FIDE reytinqində azərbaycanlılar - İDMAN.BİZ-in İCMALI

1 Noyabr 2026 14:59
322
Aydın Süleymanlı elit “2700” klubuna yaxınlaşdı: FIDE reytinqində azərbaycanlılar - İDMAN.BİZ-in İCMALI

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 1 noyabr 2026-cı il tarixinə olan yenilənmiş dünya reytinqini açıqlayıb. Planetin ən güclü 100 şahmatçısı sırasına Azərbaycanın beş təmsilçisi daxil olub.

İdman.Biz xəbər verir ki, qrossmeysterlərimiz arasında ən böyük irəliləyişə Aydın Süleymanlı nail olub. O, reytinqinə 13 xal əlavə edərək 41-ci pillədən 36-cı yerə yüksəlib. Hazırda 21 yaşlı şahmatçının aktivində 2692 xal var ki, bu da onun yeni şəxsi rekordudur. Nüfuzlu 2700 xal həddinə çatmaq üçün ona cəmi səkkiz xal lazımdır. Bununla yanaşı, Süleymanlı Teymur Rəcəbovu qabaqlayaraq Azərbaycan şahmatçıları arasında reytinqə görə ikinci yerə yüksəlib. O, yalnız Şəhriyar Məmmədyarovdan geri qalır.

Yuxarıda qeyd olunduğu kimi, azərbaycanlı şahmatçılar arasında ən yüksək reytinqə malik qrossmeyster yenə də Şəhriyar Məmmədyarovdur. Bir reytinq xalı itirməsinə baxmayaraq, o, 2709 xalla dünya sıralamasında 29-cu yerdən 27-ci pilləyə yüksəlib.

Teymur Rəcəbov 2689 xalla 38-ci mövqeyini qoruyub. Reytinqi dəyişməyən Məhəmməd Muradlı 2662 xalla 53-cü yerdən 54-cü pilləyə enib. Rauf Məmmədov isə 2632 xalla 89-cu sıradan 90-cı yerə geriləyib.

FIDE-nin dünya reytinqində ilk onluq belədir:
1. Maqnus Karlsen (Norveç, 2823)
2. Hikaru Nakamura (ABŞ, 2792)
3. Fabiano Karuana (ABŞ, 2783)
4. Cavoxir Sindarov (Özbəkistan, 2782)
5. Nodirbek Abdusattorov (Özbəkistan, 2772)
6. Uesli So (ABŞ, 2771)
7. Rameşbabu Praqnanandha (Hindistan, 2763)
8. Vey İ (Çin, 2761)
9. Vinsent Kaymer (Almaniya, 2761)
10. Əlirza Firuzca (Fransa, 2757)

Qadın şahmatçıların reytinqində Azərbaycanın ən yaxşı təmsilçisi Ülviyyə Fətəliyeva olaraq qalır. O, altı xal itirərək 2389 reytinq göstəricisi ilə 55-ci yerdən 59-cu pilləyə enib.

Gövhər Beydullayeva da mövqeyini zəiflədib. Səkkiz reytinq xalı itirən şahmatçı 2384 xalla ötən ay tutduğu 57-ci yerdən 63-cü pilləyə geriləyib.

Bununla yanaşı, Xanım Balacayeva reytinqinə altı xal əlavə edərək 2363 xalla 83-cü yerdən 82-ci mövqeyə yüksəlib. Günay Məmmədzadə isə əksinə, yeddi xal itirərək 2341 reytinq göstəricisi ilə 93-cü pillədən 99-cu sıraya enib.

Qadınların dünya reytinqinə çinli şahmatçılar Hou İfan (2596), Çju Ciner (2559) və Cüy Vencün (2553) başçılıq edirlər.

Qeyd edək ki, Süleymanlı ardıcıl ikinci aydır şəxsi reytinq rekordunu yeniləyir. Oktyabrda ilk dəfə 2679 xal həddinə çatan qrossmeyster indi simvolik 2700 xal sərhədinə xeyli yaxınlaşıb.

İdman.Biz