Teymur Rəcəbov: “Bu, hədəf yox, xəyaldır” - MÜSAHİBƏ

Müsahibə
29 Fevral 2024 18:51
284
Teymur Rəcəbov: “Bu, hədəf yox, xəyaldır” - MÜSAHİBƏ

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiya mətbuatına müsahibə verib.

İdman.biz xəbər verir ki, təcrübəli qrossmeyster karyerası barədə sualları cavablandırıb.

- Karyeranızın ən parlaq seansını xatırlayırsız?

- Ən yaddaqalan seans 2001-ci ildə Argentinada olub. Migel Naydorfun xatirə turnirinə getmişdim. Heyətdə Anatoli Karpov, Viktor Korçnoy, Yudit Polqar, Naycel Şort kimi şahmatçılar var idi. 14 yaşında idim ki, bu yaşda belə nəhənglərlə oynamaq ağırdır. Turnirdən əvvəl məndən seans verməyi xahiş etdilər. Karpov hansısa səbəblərdən bunu edə bilməmişdi. Razılaşdım, amma yeniyetmələrdən ibarət top-oyunçuların olduğunu gözləmirdim. Yeniyetmələrin dünya çempionatının mükafatçıları, Argentina çempionları var idi. 8 qələbə qazanıb, 2 heç-heçə etdim. Bu, ağır sınaq idi. Elə yorulmuşdum ki, sanki turniri başa vurmuşam. Bundan sonra uzun müddət seans verməkdən imtina etdim. Sonradan bildim ki, qrossmeysterlər təşkilatçılardan seans iştirakçılarının reytinq səviyyəsinin müəyyən rəqəmdən aşağı olmasını istəyirlər. Yoxsa ki, gərgin mübarizə başlayır və bu düzgün deyil. Düzdür, qrossmeysterlərin yığmalara seanslarını da görmüşük. Lakin bu tam ayrı sınaqdır. Özümü peşəkar seansverən adlandıra bilmərəm. Amma təşkilatçılar xahiş edəndə, əksər hallarda razılaşıram. Xüsusilə də uşaqlarla oyunlar olanda. Onlar üçün qrossmeysterlərlə oynamaq, danışmaq, təhlil etmək vacibdir. Yadımdadır ki, uşaq ikən heç vaxt belə imkanları qaçırmırdım. Bu, gələcək iş üçün mənə motivasiya verirdi.

- Sizdən Harri Kasparov və Anatoli Karpov haqda çox soruşulub. Bəs, Viktor Korçnoyu necə xatırlayırsız?

- O, çox parlaq şəxsiyyətdir. Onunla birgə toplanış keçdik. Onda 10-11 yaşım var idi. Daim blits oynayardıq, o, dünya çempionluğu üçün matçlarından danışar, müasir şahmat haqda fikirlərini bölüşərdi. Həmin vaxt “Top-20”də idi ki, bu da heyrətamiz idi. Uzun illər daim turnirlərdə oynadıqdan sonra məşqlərdə şahmata inanılmaz sevgisini göstərirdi. O, 80 yaşına qədər, o cümlədən klassik şahmat, altısaatlıq matçlar da oynayıb. Rusiyanın komandalararası çempionatını xatırlayıram. Heç-heçələrdən qaçaraq sonadək mübarizə aparırdı. Həyatda və lövhə arxasında güzəştsiz mübarizə göstərirdi. Şahmat tarixində qrossmeysterlər 60 yaşadək ciddi səviyyədə çıxış edirdi. 70-80 yaşda başqa kimisə xatırlaya bilmirəm. Korçnoy mənə parlaq, inanılmaz, zəhmətkeş və məğlubiyyətə nifrət edən biri kimi xatirəmdə qalıb. Aydındır ki, məğlubiyyəti heç kim sevmir. Amma onun üçün hər yenilgi kiçik ölüm idi.

- Siz “Champions Chess Tour-2021”in finalında oynayıb Maqnus Karlsendən sonra ikinci yeri tutmusuz. Bu turnirdə nə yaxşıdır?

- Bu, hamının evdən çıxmadan yaxşı qazanması üçün yaxşı sistemdir. Amma təəssüf ki, istənilən onlayn turnirdə mənfi məqamlardan yan ötmək olmur.

- Elə insan var ki, ondan müsahibə götürmək istəyəsiz?

- Mən jurnalist və müsahibə götürən deyiləm. Amma Rocer Federerlə söhbət etmək xoş olardı. Mən neçə illər ona azarkeşlik etmişəm. Düşünürəm ki, birgə espressonu haqq etmişəm. Ümid edirəm ki, “Böyük dəbilqə” turnirlərinin birində belə imkanım olacaq.

- Gənc superistedadlardan hansını daha çox bəyənirsiz: Qukeş, Firudja, Praqnanadxa, Eriqaysi, Abdusattorov, Keymer...

- Onlar Karlsenin həmin yaşda nümayiş etdirdiyi çempion səviyyəli nəticələr göstərmirlər. Nə isə demək çətindir. Supersəviyyə və həmkarları üzərində təmiz dominasiya yoxdur.

- İddiaçılar turnirində əsas favoritlər Karuana, Nakamura və Nepomnyaşıdır?

- Düşünürəm ki, favoritlər Fabiano və Yandır. Hər ikisinin iddiaçılar turnirlərində qələbə təcrübəsi var. Hamı üçün onlarla qarşılaşmaq çətin olacaq.

- Razısız ki, turnirin qalibi Din Lijenlə matçda favorit sayılacaq?

- Nə isə demək çətindir. Din də dünya çempionu, superqrossmeysterdir. Uzun illər dünya reytinqində 2-3-cü yerlərdə olub. İllərlə öz yüksək səviyyəsini göstərib. Bəli, indi yaxşı formada deyil. Amma qiymətləndirməmək olmaz.

- Yevgeni Tomaşevski perspektivli azərbaycanlı şahmatçı Aydın Süleymanlı ilə çalışır...

- Bəli, o, çox azərbaycanlı gənclə çalışıb, qadın yığmasına kömək edib. İndi də Aydınla daha sıx çalışmağa başlayıb.

- Onun potensialı necədir? Sizin yolunuzu təkrarlaya bilər?

- Bu, onun şahmatla münasibətindən asılıdır. Qrossmeysterin həyatı tamamilə bu idman növünə həsr olunmalıdır. Bu, təkcə Aydına deyil, bütün gənclərə aiddir. Əgər istirahət edib, həyatdan zövq alsan, özünü yüksək səviyyədə göstərmək cəhdi alınmayacaq. Düzdür, istisnalar olub ki, dahi şahmatçı təkcə superistedad sayəsində tarixə düşüb. Amma müasir idmanda tam konsentrasiya vacibdir.

- İddiaçılar turnirini qəbul edəcək Torontoda sizin həmyerliniz, Dünya kubokunun yarımfinalçısı Nicat Abbasov da oynayacaq. Bu, sizin üçün gözlənilməz oldu?

- Bu, hamı böyük gözlənilməzlik idi. Heç kim mübahisə də etməz. Hətta Nicatın özü üçün də. O, doğma ölkədə oynayırdı, böyük diqqət onu ruhlandırdı. Hər gün oyun zalının önündə çox sayda adam həmyerlimizi dəstəkləmək üçün toplaşırdı. Bu, rəqiblərə də təsir edir. Şübhəsiz ki, o, artıq qəhrəmanlıq edib. İndi görək İddiaçılar turnirində debüt necə olacaq. Bu, ağır sınaq olacaq. Biz Nicatla yaxın dostuq. Böyük ümidlərimiz heç vaxt medal götürmədiyimiz Şahmat Olimpiadası ilə bağlıdır.

- Bu, 2024-cü il üçün əsas hədəfnizdir?

- Hədəf yox, xəyal. Biz dəfələrlə superheyət yığmışıq. Amma medal qazana bilməmişik. Hətta lider olduğumuz vaxtlarımız olub.

İdman.biz