“FİDE reytinqi çox önəmlidir. Orda sən ilk “10-luq”da olanda əksər yarışlara dəvət alırsan”.
Bunu "İdman Bizdə" verilişinin qonağı olan şahmat üzrə beynəlxalq usta, Azərbaycan millisinin məşqçisi Fikrət Sideifzadə deyib.
Təcrübəli mütəxəssis Azərbaycanın ən güclü şahmatçılarından Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun son vaxtlar uğursuz çıxışını şərh edib. O bildirib ki, Teymurun əvvəlki mövqeyinə qayıtması mümükünsüzdür: “Rəcəbov şahmatdan doyub. Az-az oynayır. Reytinqdə yenidən “10-luq”a qayıtması mümkünsüzdür. İlk 10 sıraya qalxmaq nisbətən asandır, orda qalmaq çətindir. Aşağı düşdüyün zaman bunu yenidən etməyə çox böyük qüvvə lazımdır”.
Sideyifzadə Məmmədyarovun oyun üslubunun onun üçün çətinliklər yaratdığını vurğulayıb: “Şahmat çox cavanlaşıb. Məmmədyarovun artıq 40 yaşı olacaq. Şəhriyarın oyun üslubu çox böyük variant saymalarının üzərində qurulurdu. Oyunu udmaq üçün riskə gedirdi, variantlar axtarırdı. Bu oyun üslubu da şahmatçını tez qocaldır. Əmsalın şahmatçılar üçün böyük əhəmiyyəti var. İlk “10-luq”da olmayanda elit idmançılarla oynamaq praktikan olmur və getdikcə zəifləyirsən. Bu, təbii prosesdir. Vladimir Kramnik, Veselin Topalov da bir yerdə dayandı”.
Qeyd edək ki, son FİDE reytinqinə əsasən Şəhriyar Məmmədyarov 2733 xalla 17-ci, Teymur Rəcəbov isə 2723 xalla 28-cidir.
Emin Ağa
İdman.biz