“Baku Open”in açılış mərasimi keçirilib - FOTO

Xəbərlər
29 İyun 2024 15:25
378
“Baku Open”in açılış mərasimi keçirilib - FOTO

“Baku Open 2024” beynəlxalq şahmat turnirinin açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, İdman şöbəsinin müdiri Elnur Məmmədov, FİDE-nin prezidenti Arkadi Divorkoviç, Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov və birinci vitse-prezident Faiq Həsnov iştirak ediblər.

Mərasimdə öncə Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın mədəniyyətini, təbiətini və tarixindən bəhs edən video-çarx nümayiş etdirilib.

Gənclər və idman naziri Fərid Qayıbov çıxışında Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını deyib. O bildirib ki, ölkəmiz bir sıra beynəlxalq yarışlara ev sahiliyi edir və idmançılarımızın yetərincə uğurları var: “Təbii ki, şahmat da istisna deyil. Bu növ üzrə bir neçə beynəlxalq yarışlara ev sahibliyi etmişik. Bu gün də onlardan biri keşirilib. Bu sahədə nəticəmiz çoxdur. Onların arasında ən əsası Ülviyyə Fətəliyevanın Avropa çempionu olmasıdır. Federasiyaya şahmatı inkişaf etdirdiyi üçün təşəkkür edirik. Beynəlxalq Şahmat Federasiyasına minnətdarıq ki, bizə qarşı hər zaman etimadla yanaşıblar. Bir daha bütün şahmatçılarımıza uğurlar arzulayıram. İnanıram ki, Bakıda keçirilən bu yarışda da yüksək nətivə əldə edəcəklər”.

Mahir Məmmədov bu yarışın artıq ənənəvi hal aldığını vurğulayıb. O qeyd edib ki, turnirdə iştirakçıların sayı ildən-ilə artır: “Bu hal bizi sevindirir. Bu il FIDE-nin 100 illiyidir. Bu münasibətlə silsilə tədbirlər keçirilir. Onları burda görməkdən məmnunuq və təşəkkür edirik. 100 il əvvəl bu FIDE-nin yaradılması münasibəti ilə iyulun 20-də Parisdə tədbir təşkil olunacaq. Azərbaycanda şahmat son dərəcədə uğurlu idman növüdür. Cənab Prezident İlham Əliyev idmana xüsusilə də şahmata diqqət və qayğı göstərir. Bu sahədə idmançılarımızın əldə etdiyi uğurlu nəticələr şahmatın inkişafının əyani sübutudur. İlk dəfədir ki, biz Bakı İdman Sarayından yarış yeri kimi istifadə edirik. Ümid edirik ki, bura hər birinizin xoşuna gələcək. 9 oyun gününün hamı üçün uğurlu keçməsini arzu edirəm”.

FIDE prezidenti Arkadi Dvorkoviç Azərbaycanda idmanın, xüsusilə də şahmatın inkişafından söhbət açıb. O, bunu təqdirəlayiq bir hal kimi qiymətləndirib: “Bakıda bu cür tədbirin keçirilməsi çox sevindiricidir. Təsadüfi deyil ki, Faiq Həsənov da artıq 60 ildir hakimlik edir. Onu da təbrik edirik”.

Daha sonra Dvorkoviç Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədova və gənclər və idman naziri Fərid Qayıbova xüsusi hədiyyə təqdim edib.

Ardınca Azərbaycanın şahmatının tarixini və bu sahədə keçirilən beynəlxalq turnirlərə dair materialları özündə əks etdirən video-çarx göstərilib.

Rəsmi çıxışlardan sonra gənclər və idman naziri və FIDE-nin prezidenti şahmat taxtasında ilk gedişi edərək, yarışı açıq elan etdilər.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: