“Vüqar Həşimov Memorialı-2024”də iştirak edəcək şahmatçılar bəlli olub

Xəbərlər
6 Sentyabr 2024 13:20
655
“Vüqar Həşimov Memorialı-2024”də iştirak edəcək şahmatçılar bəlli olub

“Vüqar Həşimov Memorialı-2024”də iştirak edəcək şahmatçıların adları açıqlanıb.

İdman.biz xəbər verir ki, bu barədə məlumatı turnirin direktoru Anar Allahverdiyev “Vüqar Həşimov Memorialı”na həsr olunan mətbuat konfransında deyib.

O bildirib ki, 10-cu turnir Şuşa şəhərində təşkil olunacaq: “Memorial bundan sonra məkan kimi həmişə Şuşada keçiriləcək. Bu, fərəhləndirici bir haldır. Vüqar Həşimovun xatirə turnirində Azərbaycanı üç şahmatçı təmsil edəcək. Bunlar milli komandanın üzvləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Aydın Süleymanlıdır. Eyni zamanda turnirdə Nodirbek Abdussatorov (Özbəkistan, FIDE reytinqi 2766), şahmat tacı uğrunda görüşdə iştirak edən Yan Nepomnyaşiy (Rusiya, FIDE reytinqi 2755), Riçard Rapport (Macarıstan, FIDE reytinqi 2766), yarışın son qalibi Vidit Santoş Gujrathi (Hindistan, FIDE reytinqi 2720) kimi tanınmış şahmatçılar mübarizə aparacaq”.

Vurğulanıb ki, yarışda 10 şahmatçının iştirakı nəzərdə tutulsa da, tam siyahı yaxın günlərdə dəqiqləşəcək.

Qeyd edək ki, turnir sentyabrın 25-30-da baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz