Xaqan Əhməd: “Məqsədim Azərbaycan millisində çıxış etməkdir” - FOTO

Xəbərlər
9 Sentyabr 2024 17:46
376
Xaqan Əhməd: “Məqsədim Azərbaycan millisində çıxış etməkdir” - FOTO

Azərbaycanın istedadlı şahmatçısı Xaqan Əhməd növbəti uğura imza atıb.

İdman.biz xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən “Masters” turnirində çıxış edən şahmatçımız beynəlxalq usta (International Master) tituluna tələb olunan üçüncü normanı yerinə yetirib.

Təmsilçimizə beynəlxalq qrossmeyster üçün ilk normanı təsdiqləməkdən ötrü yarım xal kifayət etməyib.

Qeyd edək ki, Xaqan Əhməd Azərbaycanın istedadlı şahmatçılarından sayılır. Cari ilin əvvəlində Beynəlxalq Şahmat Federasiyasının təsis etdiyi Şahmat Akademiyasına cəlb edilib. Əhməd 450 yeniyetmə arasından seçilərək əyani məşqlərdə iştiraka dəvət olunub.

O, Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına açıqlamasında gələcək hədəflərindən danışıb: “Abu-Dabi turniri yaxşı keçdi. Hədəfim beynəlxalq qrossmeyster üçün tələb olunan ilk normanı yerinə yetirmək idi. Təəssüf olsun ki, yarım xalım çatmadı. Amma həvəsdən düşmürəm. Şahmatı çox sevirəm, başa düşürəm ki, səylə çalışmağı davam etdirməliyəm. Hazırda arzum tezliklə beynəlxalq qrossmeyster olmaq və FIDE reytinqimi 2700 əmsalına çatdırmaqdı. Bütün bunlardan sonra məqsədim milli komandada çıxış etməkdi”.

Onunla işləyən məşqçi Rəsul İbrahimov idmançının perspektivlərini yüksək qiymətləndirib: “Xaqanla ilk tanışlığım 2022-ci ilin sentyabrına təsadüf edir. İlk məşqdən onun barəsində çox müsbət fikirlərim yarandı. Yaşına görə yüksək erudisiyasını, şahmatda mübarizliyini xüsusi qeyd etməliyəm. Biz Orxan Abdulovla paralel olaraq Xaqanla işləməyə başladıq. Cəmi 5 ay ərzində şahmatçı reytinqini 2150-dən 2320-yə artırdı. 2023-cü ilin aprelində FIDE ustası adını qazandı. Cari ildə əsas hədəfimiz reytinqi 2400-ə çatdırmaq və beynəlxalq usta tituluna layiq görülmək idi. Xaqan ardıcıl iştirak etdiyi turnirlərdə yüksək nəticələrlə məqsədə nail oldu. 15-ə yaxın 2400 reytinqli şahmatçını klassik oyunda məğlub etməklə böyük potensialının olduğunu təsdiqlədi. Ümid edirik ki, FIDE-nin Ümumdünya Şahmat Olimpiadası günlərində keçiriləcək konqresində beynəlxalq usta adı təsdiqlənəcək.

12 yaş 10 aylığında beynəlxalq usta olmaqla nəticələrinin Teymur Rəcəbovla müqayisə olunmasına imkan verir. Qeyd etməliyəm ki, bu normativləri Xaqan açıq beynəlxalq yarışlarda qazanıb. Azərbaycan Şahmat Federasiyası ona müəyyən yarışlarda iştirak etməyə, eləcə də məşqçi ilə işləməyə dəstək olur. Xaqanın qarşıya qoyulan böyük hədəflərə çatmaqdan ötrü ayrıca sponsora ehtiyacı olduğunu düşünürəm”.

İdman.biz

Məqalədə: