FIDE Faiq Həsənovu xüsusi mükafatla təltif edib – FOTO

Xəbərlər
20 Sentyabr 2024 11:43
340
FIDE Faiq Həsənovu xüsusi mükafatla təltif edib – FOTO

Budapeştdə təşkil edilən 45-ci Ümumdünya Şahmat Olimpiadası günlərində Beynəlxalq Şahmat Federasiyasının qala gecəsi keçirilib.

İdman.biz xəbər verir ki, tədbirdə Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç və FIDE-nin vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov çıxış edib.

AŞF rəhbəri çıxışında ali şahmat qurumunun yaradıcılarını xatırladıb: “FIDE-nin tarixində ilk 100 illik möhtəşəm anlar, dahi şəxsiyyətlər və unudulmaz matçlarla yadda qalıb. Buna görə biz FİDE-nin yaradıcılarına minnətdar olmalıyıq”.

Sonra FIDE şahmat tarixində böyük xidmətləri olan şahmatçı, məşqçi və digər nominasiyalar üzrə mükafatları təqdim edib.

Gecədə Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, uzun illər mötəbər şahmat yarışlarında hakim kimi çalışan Faiq Həsənov xüsusi mükafata layiq görülüb.

FIDE-nin rəsmi saytı F.Həsənovun uğurları barədə bunları qeyd edib: “Azərbaycan şahmatının patriarxı Faiq Həsənov dünyanın güclü şahmat ölkələrindən olan Azərbaycanda bu növün inkişafında böyük xidmətlər göstərib. 1980-ci ildə beynəlxalq dərəcəli hakim adını qazanıb. O, Olimpiada, Dünya Kuboku, Qran-Pri, yeniyetmələr arasında və komandaların dünya çempionatında baş hakim, Se Çzyun-Syuzan Polqar arasındakı matçda isə baş hakimin müavini kimi çalışıb. 1975-ci ildən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti kimi ölkəsində şahmatın inkişafı naminə fəaliyyət göstərir. O, həmçinin 55 il Azərbaycan Televiziyasında yayımlanan “Şahmat klubu” həftəlik verilişinin aparıcısı kimi tanınıb”.

İdman.biz