14-cü cəhd: Tarixdə 5-ci dəfə - TƏHLİL

Təhlil
23 Sentyabr 2024 13:59
193
14-cü cəhd: Tarixdə 5-ci dəfə - TƏHLİL

Kişilərdən ibarət Azərbaycan millisi Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Şahmat Olimpiadasını “Top-10”da başa vurub.

İdman.biz xəbər verir ki, bu, yığmamızın tarixində 5-ci belə uğurdur.

Tarixin dördüncüsü

Şahmatçılarımız Budapeştdə 8-ci yeri tutub. İki il əvvəl 7-ci olan komandamız bir pillə geriləsə də, tarixinin 4-cü ən yaxşı göstəricinə imza atıb.

Millimizin rekordu 2014-cü ildəki 5-ci yerdir. Bundan altı il əvvəl isə yığma 6-cı yeri tuta bilib. İki ən yaxşı nəticə və son iki Olimpiadadan başqa, şahmatçılarımız daha bir dəfə “Top-10”da yer alıb. Bu, onuncu olduğumuz 2012-ci ilə təsadüf edib.

1994 – 36-cı yer
1998 – 43-cü yer
2000 – 46-cı yer
2002 – 30-cu yer
2004 – 22-ci yer
2006 – 24-cü yer
2008 – 6-cı yer
2010 – 12-ci yer
2012 – 10-cu yer
2014 – 5-ci yer
2016 – 12-ci yer
2018 – 15-ci yer
2022 – 7-ci yer
2024 – 8-ci yer

Rekord təkrarlanıb

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abasov, Aydın Süleymanlı və Məhəmməd Muradlının yer aldığı millimiz 11 turda 7 qələbə qazanıb. Komandamız digər matçlardan ikisində heç-heçə edərək Olimpiadanı 16 xalla tamamlayıb. Şahmatçılarımız cəmi 2 dəfə uduzub. Bir yarışda 7 qələbə qazanmaqla milli tarixinin rekordunu təkrarlayıb. Yığmamız ardıcıl 5-ci Olimpiadanı 7 qələbə ilə tamamlayıb. Bu seriya 2014-cü ildə başlayıb. 2014, 2016, 2018, 2022 və 2024-cü illərdə 7 qələbəsi olan komandamız 1994-cü ildəki debüt Olimpiadasında, həmçinin 2004, 2006, 2008-cü illərdə də eyni sayda uğura sahib olub. Amma 1994 və 2004-cü illərdə 14, 2006-cı ildə 13 tur olub. 11 matçlıq Olimpiadalarda 5-i ardıcıl olmaqla 6-cı dəfə 7 qələbə qazanılıb.

Dəyişməz nəticə

Komandamız iki il əvvəlki kimi yenə 16 xal toplayıb. Bu, 11 turluq yarışlar üçün ikinci ən yaxşı nəticənin təkrarıdır. Yalnız 2014-cü ildə daha çox – 17 xal əldə edilib. Onda yalnız bir məğlubiyyəti olan yığma 7 qələbə və 3 heç-heçəyə imza atıb. 2008-ci ildə isə indiki kimi 7 qələbə və 2 heç-heçə yaşanıb. 14 turdan ibarət debüt Olimpiadasında isə daha çox – 18 xal yığmaq mümkün olub.

Son 16 ilin ən zəif heyəti

Budapeştə yollanan şahmatçılarımızın orta reytinqi 2657-yə bərabər olub. Bu, son 8 Olimpiadada ən aşağı göstərici sayılır. Sonuncu dəfə 2006-cı ildə yığmanın orta reytinqi daha aşağı olub. Həmin vaxt 13 turluq son Olimpiada keçirilib. Bir sözlə, 11 turun tətbiq olunduğu dövrdə ən aşağı reytinqli heyət məhz Budapeştdə olub. Maraqlıdır ki, yığmamızın “Top-10”a düşdüyü bütün yarışlar da məhz bu illərə təsadüf edib. Yəni “onluq”da yer alan ən aşağı reytinqli komandamız məhz Macarıstanda fərqlənib.

1994 – 2188
1998 – 2474
2000 – 2456
2002 – 2575
2004 – 2615
2006 – 2643
2008 – 2709
2010 – 2694
2012 – 2693
2014 – 2694
2016 – 2717
2018 – 2748
2022 – 2680
2024 – 2657

92 qələbə

Komandamız qatıldığı 14 Olimpiadadan səkkizində 11, ikisində 13, dördündə 14 tura çıxıb. Ümumilikdə kişilərdən ibarət millimiz 171 matç keçirib. 92 qələbəsi olan komanda 34 heç-heçə edib və 44 dəfə uduzub. Yığma üzvləri 680 oyunda 268 qələbə qazanıb, 281 heç-heçə edib və 131 dəfə uduzublar.

Yenə medalsız

Tarixində 5-ci yerdən yuxarı qalxmayan millimiz şəxsi hesabda qazanılan medal sayını artıra bilməyib. Komanda şəklində mükafat qazanmayan şahmatçılarımız əvvəlki illərdə 6 fərdi medal əldə edib. Amma ardıcıl ikinci dəfə belə uğur mümkün olmayıb. Son mükafatlar 2018-ci ildəki iki bürünc olaraq qalıb. Ümumilikdə isə lövhələr üzrə mükafatlardan bir qızıl, bir gümüş və dörd bürünc şahmatçılarımızdadır. Bu dəfə ən yaxşı nəticə Şəhriyar Məmmədyarovda olub. O, 6-cı yeri tutub. Rauf Məmmədov da “onluğ”a düşüb. O, 9-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, kişilərin yarışında çempionluğu Hindistan millisi əldə edib.

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: