FİDE-nin baş direktoru: “Əvvəlki yüksəkliklərə qayıtmaq üçün çox çalışmaq lazımdır”

Xəbərlər
28 Sentyabr 2024 13:35
172
FİDE-nin baş direktoru: “Əvvəlki yüksəkliklərə qayıtmaq üçün çox çalışmaq lazımdır”

FİDE-nin baş direktoru Emil Sutovski öz Facebook səhifəsində komandamızın Şahmat Olimpiadasında iştirakı ilə bağlı yazıb.

İdman.biz keçmiş bakılının milli komandamız, nəsillərin dəyişməsi və Azərbaycan şahmatının vəziyyəti haqqında təəssüratlarını təqdim edir:

Milli komandalarının zəif nəticələrindən şikayətlənən bakılı həmyerlilərimdən çoxlu mesajlar gəlir.
Nisbətən yaxın keçmişdə nəinki Bakıda böyümüş, hətta Azərbaycanın demək olar ki, bütün aparıcı şahmatçılarını məşq etdirmiş bir insan kimi öz fikrimi bölüşəcəyəm. Düşünürəm ki, çoxları maraqlanacaq. Çünki biz nəsil dəyişikliyindən danışırıq.

Azərbaycan şahmat ölkəsidir. Və hər kəs yaxşı başa düşür ki, səkkizinci yer fərqli ola bilər. Son turda birinci masada oynaya bilərsən, uduzub xeyli geriyə düşə bilərsən - ya da heç nəyə iddia etmədən finiş təkanıyla ilk onluğa doğru yol ala bilərsən.
Bu halda ikinci variant idi.

Amma obyektiv olaraq Azərbaycana indi medala iddialı olmaq inanılmaz dərəcədə çətindir.
Rəcəbov əslində oynamağı dayandırıb.

Təəssüf ki, Məmmədyarov uzun müddətdir ki, pərəstişkarlarını sevindirmir. Ən istedadlı orta nəsil oyunçuları: Məmmədov, Abasov, Hüseynov, Səfərli, Durarbəyli, yumşaq desək, partlayıcı böyümə potensialını tükədiblər - baxmayaraq ki, Raufun göstərdiyi kimi komandaya fayda verə bilər. Amma müasir şahmat elədir ki, otuzdan sonra yeni sıçrayış etmək çox çətindir. Bunun üçün aşırı motivasiya lazımdır - həmyerlilərimin əksəriyyətində, heyif ki, bu çatmır. Ya da ola bilsin heyf yox, və onlarda hər şey onsuz da yaxşıdır, onda biz onların halına sevinərik.

Əslində, komandanın nəticələrinin yüksəlməsi üçün bir əsas yoxdur - amma enişi üçün bir çox əsas var. Bir zamanlar eyni şey İsrail millisinin başına gəlmişdi.

Rəqiblər getdikcə çoxalır. Üstəlik, Hindistan reaktiv sürətlə irəliləyib, digərləri də güclənib. Türkiyə iki çox istedadlı şahmatçı yetişdirib. Almanların yeni nəsli yetişib.

Bir də yeni oyunçular əldə edənlər də var:
ABŞ on il ərzində tanınmayacaq halda dəyişib. Serbiya, Sloveniya, İngiltərə son zamanlar güclü keçmiş rus oyunçuların simasında gücləniblər. Rumıniya Şevçenkonu alıb. İspanlar Cənubi amerikalıların hesabına ayağa qalxıblar.

Azərbaycanda isə nəsil dəyişikliyi var. Niyə yeni ulduzlar bu qədər parlaq deyil?
Süleymanlının oyun tərzini bəyənirəm - fundamental yanaşması var, şahmatla yaşadığı bəllidir. Hər şey sadəcə möhtəşəmdir. Amma top-5-də olan oyunçunu (Rəcəbovun pik vaktı olduğu) top-100-dən olanla əvəz etmək mümkün deyil. Aydın böyüməyə davam edəcək, əlbəttə, amma yenə də onun dünya elitasına çıxmasını yalnız ən fədakar azarkeşləri gözləyir. Muradlı haqqında da demək olar ki, eyni şeyi demək olar, ancaq bu halda nəticələr və gözləntilər daha da aşağıdır.

Və bununla bağlı edə biləcəyiniz heç nə yoxdur. Bəli, yəqin ki, 10-12 il əvvəl hər şeyi o vaxtkı istedadlı uşaqlara yatırmaq lazım idi. Amma çox çətindir - çox gənc milli komandan var, eyni zamanda çox güclü dəstək alırsan, - resurssa, ən səxavətlisi belə, limitsiz deyil. Federasiyanın və şəxsən Mair Məmmədovun iki onillik ərzində oyunçulara verdiyi dəstəyi bütün dünyada tək-tək adamlar görüb.

Odlar Yurdu layihəsinə bir dəfə təşəbbüs etmişdim. Ümid edirəm bu Rauf və Qədirə, Eltac, Nicat və Vasifə, Nicat Məmmədov və Ülvi Bacaraniyə kömək oldu. Hamısı - əsas da öz istedadı sayəsində - güclü qrossmeysterlərə çevrildi, hamısı hansısa anda milliyə çağırıldı.

Amma Vüqar Həşimov hələ oynayanda belə, üç azərbaycanlı dünya onluğunda olmasına baxmayaraq, komanda olimpiadada ilk üçlüyə düşməmişdi.

İndi isə... İndi sadəcə, səbr etmək lazımdırl. Əminəm ki, Şəhriyar, Rauf və Nicat sırada qalacaq və qarşıdakı olimpiadada komandaya fayda verə biləcəklər. Bu arada təcili yeni ulduzlar hazırlamaq lazımdır - həm artıq millidə olanları, həm də 10, 12, 15 yaşında olan istedadlı uşaqları.
Möcüzələr bu qədər tezliklə baş verməyəcək. Və növbəti olimpiadada nəticənin daha da pis olacağı ehtimalı böyükdür.

Amma necə deyərlər, keçmişə baxanda papağını çıxar, gələcəyə baxanda qollarını çırmala!
Suallar olduğu üçün indi qadın komandası haqqında bir neçə kəlmə.

Mənə elə gəlir ki, oturub həm oyunçular, həm də məşqçilərlə açıq söhbət etmək lazımdır. Son olimpiadada qızılın bir addımlığında olmuş çox istedadlı qızlar indi turniri uğursuz başa vurdular. Bu təsadüfə oxşamır - amma sistemli böhran da görünmür. Əminəm ki, qadınlardan ibarət Azərbaycan millisi hər turnirdə favoritlər arasına qayıdıb medal uğrunda mübarizə aparmaq gücündədir.

Ümumilikdə İsraillə müqayisədə Azərbaycan şahmatında işlər pis getmir, amma əvvəlki yüksəkliklərə qayıtmaq üçün çox çalışmaq lazımdır.

İdman.biz